USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağlarda məhsulun bir kiloqramı 1-5 manata satılır

05.06.2018 İqtisadiyyat
0 0
Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.

Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 1,5-2 manata satırlar.

İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.

Xaçmaz rayonunda gilasın "Krım", "Romanovka", "Öküzürəyi", "Napoleon" və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırki satış qiymətinin onları qane etdiyini vurğulayırlar.

Rayonun Qaraçay-cek kəndindən olan təsərrüfatçı Tural Əhmədov bildirir ki, son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.

Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.

Azərtac