Milli Şura ilə Respublikaçı Alternativ Partiyası (REAL) arasında növbəti dəfə gərginlik yaranıb.
"Kommersant.az" xəbər verir ki, bu dəfə gərginliyə səbəb Milli Şuranın sədri Cəmil Həsənlinin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində mandat qazanacaq şəxslərin siyahısını yaymasıdır. Cəmil Həsənli bildirib ki, siyahı icra strukturlarından, Dairə Seçki Komissiyalarından və hakimiyyətə yaxın müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında hazırlanıb.
Milli Şura sədrinin bu addımı bəzi müstəqil namizədlər və REAL tərəfindən təpki ilə qarşılanıb. Onların fikrincə, seçki olmamış bu tip siyahılar yaymaq insanlarda seçkilərə inamı sarsıtmağa, hakimiyyətin əlinə oynamağa xidmət edir.
Məsələn, keçmiş deputat Nazim Bəydəmirli yayılan siyahı ilə bağlı deyib: "Mən hesab edirəm ki, müxalifət liderləri (hazırda prof.Cəmil Həsənli) 9 fevralda hakimiyyət tərəfindən artıq "seçilmiş deputat siyahıları" elan etməklə milyonlarla seçicilirə, 100-lərlə namizədlərə yumşaq desəm haqsızlıq edir, insanları seçki institutuna inamlarını daha da sarsıtmağa, seçki fəallığını azaltmağa cəhd edir... Mənim mövqeyim ondan ibarətdir ki, seçki günü qalibi hər kim elan etsə də, qalibin legitimliyi bütün sivil dünyada olduğu kimi, ancaq mübarizəyə qoşulanlar tərəfindən tanındıqda keçərlidir. Mən isə öz qalibiyyətimə əminəm!"
Nazim Bəydəmirli 104 saylı Tovuz-Gədəbəy seçki dairəsindən namizəddir. Cəmil Həsənlinin yaydığı siyahıda onun adı yoxdur.
Ən sərt təpki isə REAL-ın icra katibi Natiq Cəfərlidən gəlib. "Dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayır, "siyahı" yayaraq seçkini gözdən salırlar. Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər.
Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllərdə insanları seçkiyə səsləyirik, seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq - bunlar isə köhnə kfaları və öz qaranlıq keçmişləri ilə mane olurlar - yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz? Bu zay sistemin bir parçası olmaqdan bezmədinizmi?!
Bu sistemi siz qarışıq tarixə göməcəyik!", - deyə REAL yetkilisi bildirib.
Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəddir. Cəmil Həsənlinin yaydığı siyahıya görə Natiq Cəfərlinin mandatı təmin olunub.