USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: "Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır"

05.06.2018 İqtisadiyyat
0 0
“Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən prezident kimi Naftalan şəhərinə ilk dəfə on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi”.

"Kommersant"ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, o vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi: "Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub. İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilib. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, icra hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı".

Prezident İlham Əliyev bildirib ki, bu, işin birinci mərhələsi idi: "Bu layihələr həyata keçirilmədən hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya - indi onlar mehmanxana sayılırlar - yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci "Çinar" sanatoriyası, ondan sonra "Qaşaltı", ondan sonra isə "Qarabağ". Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də ki, vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir. Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlib. Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən, müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır".

Dövlət başçısı nəzərə çatdırıb ki, son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir: "Bu, onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək".