USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əcnəbilərə iş icazələrinin verilməsində şəffaflığın artırılması məsələləri müzakirə olunub

06.06.2018 İqtisadiyyat
0 0
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

DMX-dən "Kommersant"a bildiriblər ki, tanışlıq xarakterli görüşün məqsədi işgüzar əlaqələri və əməkdaşlığın perspektivlərini nəzərdən keçirməkdir.

Vüsal Hüseynov ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafı ilə bağlı Xidmətin səlahiyyətləri çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmət rəisi əcnəbilərə iş icazələrinin verilməsində şəffaflığın artırılması və bununla bağlı işəgötürənlərin müraciətlərinə baxılmasında çevikliyin təmin edilməsi məqsədilə görülən işlərdən söhbət açıb. Qeyd edib ki, sahibkarların Xidmətə müraciətlərinin və yarana biləcək suallarının operativ həlli üçün müvafiq tədbirlər görülməkdədir. DMX ölkəmizdəki yerli və xarici iş adamları ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Bu baxımdan hazırkı görüş əhəmiyyətli xarakter daşıyır və gələcək baxışlarımızı bölüşmək üçün əlverişli imkandır.

AmCham Direktorlar Şurasının prezidenti Nuran Kərimov səmimi görüşə görə minnətdarlığını bildirib, səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycandakı Amerika Ticarət Palatası ölkəmizdəki 280-dən çox xarici və yerli şirkətin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya qurumudur. Əsas məqsədi üzv təşkilatlara yüksəkkeyfiyyətli xidmət göstərərək, onların biznes maraqlarını təşviq etmək, o cümlədən Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzərində çalışmaqdır.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.