Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində koronavirusla əlaqədar gərginlik müşahidə edilir. Bundan istifadə edən bəzi işbazlar süni qiymət artımına yol verir və ya dövriyyədən məhsul çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edirlər. Belə olan halda istehlak bazarında nəzarəti təmin etmək üçün hansı ciddi addımlar atılmalıdır?
Mövzu ilə əlaqədar danışan iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün hökumət inzibati yola əl atmalıdır. "Bazar iqtisadiyyatı modelində hökumətin bazardakı qiymətlərə birbaşa təsir etmək və nəzarət etmək səlahiyyəti yoxdur. Azərbaycan xalqı 70 il SSRİ-nin hakimiyyəti altında yaşayıb. Həmin vaxt bütün qiymətləri dövlət tənzimləyirdi. Bazar iqtisadiyyatı modelində isə bütün qiymətləri bazar özü nizamlayır. Bunun üçün də ölkənin iqtisadiyyatında rəqabət mühiti olmalıdır, monopoliyalar aradan qalxmalı və şirkətlər bir-birilə azad rəqabətə girməlidir".
Akif Nəsirli bildirib ki, yalnız belə şəraitdə istehlak bazarından mal çıxartmaq və yaxud süni şəkildə qiymət artırmaq mümkün deyil: "Əgər hər hansı bir şirkət süni qiymət artımına yol verərsə, bazarın təpkiləri ağır olar. Amma bizdə vəziyyət bir qədər fərqlidir. Artıq Azərbaycan bazar iqtisadiyyatı modelinə keçib, lakin keçid mərhələsini tam başa vurmamışıq. Bazar iqtisadiyyatanın oturuşduğu ölkədə hökumətin hər hansı məhsula qiymət qoyması mümkün deyil. Vəziyyətimiz fərqli olduğu üçün hökumət müxtəlif vasitələrlə qiymət artımını cilovlamalıdır. Bazarda möhtəkirlik edib, qiymət artıranı, süni şəkildə qiymətləri bahalaşdıranı inzibati nəzarət qaydasında cəzlanadırmalı və bazarda sabitliyin yaranmasına təminat verməlidir. Lakin bu da çox çətin məsələdir. Bunun praktiki olaraq dünyada təcrübədən çıxmış bir aləti yoxdur".
Ekspert hazırda fəaliyyət göstərən sahibkarların gözükölgəli və bəzi məsələlərdən bixəbər olduqlarını bildirib: "Əgər mən sahibkaramsa, istehsal etdiyim məhsula istədiyim qiyməti qoyaram və mənə heç kim qarışa bilməz. Sadəcə hökumət rəqabət mühiti yaratmalıdır. İstər Amerika olsun, istərsə də Kanada, Hollandiya fərq etməz, əgər rəqib yoxdursa, sahibkar qiyməti artırmağa meylli olur. Çünki qiymət artanda sahibkar çox qazanır. Amma saydığım ölkələrdə sahibkarlar belə bir addım atmazdan öncə düşünür ki, mənim rəqibim bu addımımdan necə istifadə edə bilər. Hətta bəzən məhsulları zərərlə satırlar ki, bazarı əllərində saxlasınlar. Amma bizim belə bir qayğımız yoxdur. Bu vəziyyətdən çıxış yolu isə bazar iqtisadiyyatı modelinin bütün prinsiplərini ölkədə oturuşdurulmasıdır. Bunlar isə sahibkar fəaliyyətinə olan maneələrin aradan qaldırılması, monopoliyanın qarşısının alınması və azad bazar mühitinin formalaşdırılmasıdır. Bu isə qısa müddətdə həyata keçirilə bilməz".