USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türkiyənin SOCAR-dan gözləntiləri böyükdür”

07.06.2018 İqtisadiyyat
0 0
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə çox böyük investisiyalar qoyur. Şirkətin Türkiyədəki layihələrinin hamısı istismara verildikdən sonra bu ölkədə SOCAR-ın adından daha çox bəhs olunacaq".

Bunu açıqlamasında Türkiyənin "Sözçü" qəzetinin iqtisadiyat və enerji məsələləri üzrə şərhçisi Taylan Böyükşahin deyib.

"Türkiyə neft məhsullarına olan tələbatını əsasən idxal hesabına ödəyir. Bu isə 10 milyardlarla dollara başa gəlir. Bu baxımdan SOCAR-ın Türkiyədəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir",- T. Böyükşahin bildirib.

O həmçinin qeyd edib ki, Türkiyənin kimya sənayesinin də SOCAR-dan gözləntiləri böyükdür: "Türkiyə neft-kimya məhsullarının istehsalı üçün əsas xammalı xaricdən idxal edir. Əliağada (İzmir) inşa olunan STAR Neft Emalı Zavodunun Türkiyənin bu xammala olan tələbatını qarşılayacağı gözlənilir. İstehsal Türkiyədə olacağına görə qiymətlər də aşağı düşəcək. Davamlı və sabit qiymət siyasəti Türkiyə sənayesinə əhəmiyyətli töhfə verəcək".

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin Özəlləşdirmə İdarəsindən "Petkim"i (51%-ni) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. SOCAR 2020-ci ilə qədər Türkiyədə ümumilikdə 19,5 mlrd. dollarlıq investisiya proqramı reallaşdıracaq. 2020-ci ildən etibarən SOCAR-ın bu ölkədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş"nin Türkiyənin 3 böyük holdinqindən biri və ən böyük sənaye holdinqi olması hədəflənir. Şirkət hazırda Türkiyənin ən böyük xarici investorudur.

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi "Petkim"də istifadə olunan xam maddənin (nafta) böyük hissəsi bazardan alınır. STAR zavodu bu ilin III rübündə istifadəyə verildikdən sonra isə xam maddə ehtiyacının 100%-i zavoddan təmin ediləcək.

Report