USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanda koronavirusun yayılmaq ehtimalı çox aşağıdır” - Təhlükə önlənir

17.03.2020 İqtisadiyyat
0 0
Artıq koronavirusa 150-dən çox ölkədə 100 mindən çox insan yoluxub. Amma alimlər hesab edirlər ki, profilaktik tədbirlər görülməsə, sürətlə yayılan bu virus nəticəsində 1 milyona yaxın insan risk altında olacaq.

"Kommersant.az" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, koronavirusa yoluxmuş insanların 81 faizi bu xəstəliyi yüngül formada keçirir. Yəni, çox az qızdırma, cüzi öskürək olur və bəzən həkimə belə getmədən xəstəlik ötüşür: "İnsanların təqribən 4 faizi xəstəliyi ağır formada keçirir və xəstəxanaya yerləşdirilirlər. Avropadakı iki laboratoriyada ilkin nəticələr nəzərdən keçirilib və ÜST ən yaxşı diaqnostik testləri alıb bütün ölkələrə verib. Azərbaycana 1000 test göndərilib və ikinci dəfə yenidən paylanılacaq".

Qeyd edək ki, hökumətimiz testləri almaqda maraqlıdır və həmin laboratoriyalarla sıx əlaqə saxlayır. ÜST-ün məlumatına görə, dünyada ilk dəfə bu qədər böyük karantin sistemi tətbiq olunub. Budəfəki təcrübədə bütün ölkələr karantin rejiminin müsbət nəticələr verdiyini gördü. Ümumilikdə, virusun yüksək temperatura dözümlü olmadığını bilirik, ancaq havalar isindikcə yayılmanın necə nəticə göstərəcəyi məlum deyil. İş orasındadır ki, müayinə aparılmadan hər il mövsümdə yayılan virusların yaratdığı simptomlara koronavirus əlamətləri demək düzgün deyil. Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlər profilaktik tədbirlərə əməl etməli, uşaqlarla birlikdə insanların çox olduğu yerlərə, kütləvi tədbirlərə getməməlidirlər. Özləri əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmamalıdırlar. Virus ağız, burun və göz vasitəsilə yoluxduğundan, əsasən əllərin təmizliyinə diqqət edilməlidir. Hər hansı səthə toxunan əlimizi həmin bədən üzvlərinə toxundurmaqla, virusa asanlıqla yoluxmaq olar. Virus əsasən, yaşlı insanlarda müşahidə olunur və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxur.

Ölkədə orta və ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında və bu müddətin uzadılması ilə bağlı göstərişlər verilib. Bunun da məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaqdır. Həmin yerlərdə indi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri aparılır, yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək deyil. Çünki gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb.

Virus səbəbilə həyatını itirən təxminən 5 min insanın çox böyük hissəsi yaşlılar təşkil edir. Ölənlərin 14,8 faizinin 80 və yuxarı yaşlılar olmasına baxmayaraq, bu nisbət 70-79 yaş qrupunda 8 faiz, 60-69 yaş qrupunda 3.6, 50-59 yaş qrupunda 1.3 olub. Hər bir vətəndaş xüsusilə də yaşlıların qayğısına qalınmalı, aşağıdakı gigiyenik qaydalara əməl edilməlidir:

* Öskürmə, asqırma zamanı ağız və burun salfetlə və ya dirsəyin iç tərəfi bağlanmalı

* Mümkün qədər sıx yerlərdən uzaq tutulmalı

* Çirkli əllərlə ağız, burun və gözlərə toxunulmasının qarşının alınması * Gigiyenaya xüsusi diqqət yetirməli, əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalı, sabun və su olmadıqda isə spirtli antiseptik istifadə edilməli

* Bağlı məkanlar tez-tez havalandırılmalı

* İmmunitet sisteminin güclü qalması üçün düzgün və sağlam qidalanmalı