USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Akademik Xoşbəxt Yusifzadə “Neftçi Geoloqları Cəmiyyəti” İB-in fəxri üzvü olub

07.06.2018 İqtisadiyyat
0 0
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) fəxri üzvü seçilib.

İB-dən "Kommersant"a bildirilib ki, “Neftçi Geoloqları Cəmiyyəti”nin aktiv üzvü olan, uzun illər ərzində böyük fayda və cəmiyyətin uğurlarına öz töhfəsini verən akademik X.Yusifzadə “Neftçi Geoloqlar Cəmiyyəti” İB-in fəxri üzvü olub. Qərarı təsdiqləyən nişanı “Neftçi Geoloqları Cəmiyyəti” İB-in sədri Arzu Cavadova X.Yusifzadəyə təqdim edib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “Neftçi Geoloqları Cəmiyyəti” qeyri-hökumət təşkilatı Avropanın (“EAGE”), Amerikanın (“AAPG”) və dünyanın (“SPE”) nüfuzlu assosiasiyaları ilə birgə 10 peşəkar beynəlxalq konfrans, eləcə də, elmin korifeyləri olan geoloqlar Əli Əşrəf Əlizadə və Şəfaət Mehdiyevin ideyalarının inkişafına dair 10 respublika səviyyəli elmi konfrans, tələbə və gənc tədqiqatçılar üçün 23 respublika səviyyəli və beynəlxalq konfrans, tələbələr və beynəlxalq konfransların iştirakçıları üçün 52 geoloji ekskursiya, 39 tematik seminar və tələbələr üçün 130-dan çox xüsusi mühazirə keçirib.

“Neftçi Geoloqları Cəmiyyəti” İB “Azərbaycan geoloqu” elmi bülletenini nəşr edir (artıq 22 nəşr var). Eləcə də, dərslik və dərs materialları, lüğətlər, elmi və elmi-populyar monoqrafiyalar çapdan çıxarır, beynəlxalq konfrans və sərgilərdə fəal iştirak edir, tələbələrin elmi-tədqiqat işlərini təşkil edib maliyyələşdirir, tələbələr üçün neft sənayesinin müxtəlif sahələrində işlərin spesifikliyinə aydınlıq gətirilməsinə dair fəaliyyət görür.

Ötən dövr ərzində “Neftçi Geoloqları Cəmiyyəti”nin 13 seçilmiş rəhbəri dəyişib, təşkilat üzrə idarəçi rolu və cəmiyyətin fəaliyyəti üzrə nəzarəti idarə heyəti həyata keçirir.