Lənkərandan Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına təyyarə reyisinin təntənəli açılışı baş tutub.
Yeni istiqamət üzrə reysləri AZAL-ın Rusiyadakı baş nümayəndəsi Rahib İsayev və Vnukovo Beynəlxalq Hava Limanının satış direktoru Maksim Şişko açıblar.
AZAL şirkətinin "Airbus 320" təyyarələri ilə həyata keçirəcəyi Lənkəran-Moskva və Moskva-Lənkəran reysləri hər həftənin cümə günü reallaşacaq.
Vnukovo hava limanının baş direktoru Vasili Aleksandrov AZAL ilə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb: "Azərbaycanla böyük iqtisadi və ticarət əlaqələrimiz, böyük diaspor, genişmiqyaslı turist axınları var. Ona görə də açılan istiqamət üzrə əlaqələr uğurla inkişaf etdiriləcək. Bu il aeroportun sərnişin trafiki 20 milyon insana çatacaq, bunda AZAL-ın xidmətləri var".
AZAL-ın icraçı direktorunun müavini Cəmil Manizadə isə şirkətin Rusiyaya, o cümlədən Vnukovo hava limanına yeni reyslər açmaq niyyətində olduğunu qeyd edib.
"Bu gün Vnukovadan artıq dördüncü istiqamət üzrə reys açırıq. Hazırda Azərbaycanda 6 beynəlxalq hava limanı var. Ümid edirəm ki, gələn ilin yayına qədər Azərbaycanın bütün hava limanlarını əhatə edə və onları Vnukovo ilə əlaqələndirə bilərik. Uçuşların və istiqamətlərın sayının artması ən yaxşı mövcud aviaşirkətlərin Vnukovaya uçacağı ilə nəticələnib", - C.Manizadə deyib.