Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir
Piran – Hamarat – Vjaker avtomobil yolu 26 km uzunluğa malik,torpaq və çınqıl örtüklüdür. Əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar və çökmələr əmələ gəlmiş və yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə düşmüşdür. Qeyd edək ki,yolun hərəkət hissəsinin eni ərazilərdən asılı olaraq 2.5-5 metr arası dəyişir. Sadalanan problemlər hərəkətdə,xüsusən payız-qış mövsümündə ciddi maneələrə səbəb olur. Bu səbəbdən yolun yenidən qurulmasına zərurət yaranmışdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 20 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurulur. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilir. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir. Bu işlərin həcmi 350 min kub.m-dən artıqdır.
Bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə uyğun olaraq avtoqreyderlə 22.5 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 460 p.metr uzunluğunda suötrücü metal və dəmir-beton suötürücü boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır. Yolu profilə salmaq məqsədi ilə 65 min kub.m həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülür.
Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca yol əsasının tikintisi işləri aparılacaq. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılması nəzərdə tutulub. Yol əsasının tikintisi 178 min kv.m sahəni əhatə edəcək.
Bunun ardınca isə yolun asfaltlanması işlərinə start veriləcək.Əlaqələndirici bitum səpilməklə 120 min kv.metr sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt- beton örtüyü döşənəcək.
Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd km göstəricisi ,360 ədəd siqnal dirəyi quraşdırılacaq. 20 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Yerli əhəmiyyətli Piran – Hamarat – Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.