”Xəzər Avtomobil Zavodunun sifariş portfeli gündən-günə genişlənir və prezident İlham Əliyevin sənayeləşmə siyasəti gələcək illərdə də çox gözəl nəticələr verəcək”.
"Kommersant"ın APA-nın Mil-Muğan bürosuna istinadən verdiyi xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlanmasında bildirib.
Nazir müavini qeyd edib ki, İlham Əliyevin iqtisadi inkişaf strategiyası ölkənin davamlı və dayanıqlı inkişafının təmin olunması, iqtisadiyyatın dərin diversifikasiyası, sənayeləşmənin dərinləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, rəqabət qabiliyyətli, ixracyönümlü idxalı əvəz edən sənaye sahələrinin yaradılması, eyni zamanda bir çox sosial məsələlərin, məşğulluğun və əhalinin rifah halının yüksəldilməsinə yönəldilib. "Qeyd etmək istərdim ki, sənayeləşmə siyasəti iqtisadi inkişaf strategiyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda son illərdə sənaye zonalarının yaradılması istiqamətində mühüm qərarlar verilib, bu istiqamətdə geniş miqyaslı addımlar atılıb. Bu gün biz Neftçala rayonunda Neftçala sənaye məhəlləsində artıq seriyalı istehsala başlamış "Xəzər" avtomobil zavodundayıq. Cənab prezident 2 fevral 2015-ci ildə Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam verib. 24 sentyabr 2017-ci ildə ölkə başçısı sənaye məhəlləsinin açılışını həyata keçirib. Burda fəaliyyətə başlayan və fəaliyyətə başlamaq ərəfəsində olan müəssisələrə baxış keçirilib. Sənaye məhəlləsində qurulan avtomobil zavodu Neftçala sənaye məhəlləsinin ən iri müəssisəsidir. 29 mart tarixində "Xəzər" avtomobil zavodu fəaliyyətə başlayıb, ölkə başçısı bu zavodun açılışını həyata keçirib. Azərbaycan üçün avtomobil sənayesinin və daha geniş mənada maşınqayırma sənayesinin qurulması bu istiqamətdə zavod və fabriklərin fəaliyyətə başlaması çox önəmli bir iş idi. Sənayenin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən strateji sənədlər qəbul olunub, dövlət proqramlarının strateji yol xəritələrinin icrasına başlanılıb. Prezident Neftçala sənaye məhəlləsinin açılışından sonra Neftçala ictimaiyyətinin qarşısında çıxış edəndə qısa olaraq vurğulamışdı ki, iri sənaye müəssisələri Azərbaycanın böyük sənaye mərkəzləri olan Bakı, Sumqayıt, Gəncə şəhərlərində yaradılır. Eyni zamanda vurğulanıb ki, kiçik şəhərlərdə də sənayenin inkişafına ölkə başçısı tərəfindən böyük önəm verilir. Pilot layihəsi kimi Neftçala sənaye məhəlləsinin də açılışı və fəaliyyətə başlaması bunun bariz nümunəsidir," – deyə N. Səfərov bildirib.
N Səfərovun sözlərinə görə, Neftçalada fəaliyyət göstərən müəssisələr sırasında Xəzər avtomobil zavodunun xüsusi yeri var: "Qeyd etmək istərdim ki, 25 milyon manatdan çox investisiya dəyəri olan, illik dövriyyəsi 140 milyon manatdan çox, 300-ə yaxın işçisi olan bu müəssisə Azərbaycanın sənaye sahəsində ən qabaqcıl aparıcı müəssisələrindəndir. Bu gün artıq bu zavodda seriyalı avtomobil istehsalına başlanılıb. Zavodda 8 tipli avtomobillər buraxılacaq. Bunlar Azərbaycan brendi olan "Xəzər" adı altında artıq istehsala başlanılıb. Bu gün bu zavodda yığılmış 50 maşın artıq satışa hazırdır. Hər ay burda 160 avtomobil yığılacaq. Zavodun gücü ildə 10 min avtomobildir. Planlaşdırılır ki, ildən-ilə istehsal artırılacaq. Zavodun burada yaradılmasının bir özəlliyi də ondadır ki, SKD 0 prinsip əsasında bu zavod qurulub. Bu o deməkdir ki, digər SKD 1 və SKD 2 istehsal prinsiplərindən fərqli olaraq burda tam istehsal təmin olunur. Bu isə o deməkdir ki, Azərbaycanda maşınqayırma sənayesi sahəsində yeni texnologiyalar və müasir avadanlıqlar tətbiq olunur. Yeni iş yerləri yaradılır. Eyni zamanda işçilərin, mütəxəssislərin yetişdirilməsinə və ixtisaslaşmasına da burda ciddi önəm verilir. Düşünürəm ki, bu zavodun fəaliyyəti istehlakçılar tərəfindən də qiymətləndiriləcək. Artıq sifarişlər həm dövlət qurumlarından, həm də özəl qurumlardan var. Zavodun sifariş portfeli gündən-günə genişlənir və cənab prezidentin sənayeləşmə siyasəti gələcək illərdə də çox gözəl nəticələr verəcək və biz sənaye zonalarının müasir qabaqcıl texnologiyalarına əsaslanan sənaye müəssisələrinin növbəti illərdə də açılışını görəcəyik".