USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

09.06.2018 İqtisadiyyat
0 0
Bu gün Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Kommersant"a verilən məlumata görə, görüşdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov iştirak edib.

Sahibkarlar qarşısında çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov ulu öndər Heydər Əliyevin təməlini qoyduğu davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirildiyini, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdırıb.

İdarə rəisi qeyd edib ki, sahibkarlara göstərilən dövlət dəstəyi, münbit biznes mühitinin yaradılmasına, xüsusilə son illərdə həyata keçirilən islahatların, sahibkarlıq subyektlərinə müxtəlif sahələrdə edilən güzəştlərin iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına şərait yaradıb.

İ. Hüseynov bildirib ki, gömrük sahəsində həyata keçirilən islahatlar iqtisadiyyatın və ticarətin inkişafına öz töhfəsini verir, gömrük xidməti modernləşdirilir, gömrük işinin daha səmərəli təşkili istiqamətində innovativ tədbirlər görülür.

İdarə rəisi daha sonra gömrük sistemində aparılan islahatlar, həmin islahatların sahibkarlıq mühitinin inkişafında rolu, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, gömrük orqanları bundan sonra da xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük məsələlərinin şəffaf və sürətli şəkildə reallaşdırılması üçün səylərini daha da artıracaqdır.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov sahibkarlıq subyektlərinə gömrük sahəsində yaradılan şəraitin daha da yaxşılaşdırılması üçün gömrük qanunvericiliyinin təkmilləşdirildiyini, gömrük prosedurlarının asanlaşdırılması və vaxt itkisinin aradan qaldırılması istiqamətində addımlar atıldığını bildirib.Biznes nümayəndələrinə müraciət edən Baş İdarə rəisi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan sənədlərin düzgünlüyünə xüsusi diqqət göstərməyi tövsiyyə edib, gömrük əməliyyatları zamanı mütəxəssislərin köməyindən istifadə etməyin vacibliyini vurğulayıb.

Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi Faiq Seyidov idxal-ixrac əməliyyatlarının sürətli həyata keçirilməsi, yüklərin vaxtında və maneəsiz şəkildə sahibkarlara çatdırılması üçün tələb olunan sənədlərin qanunvericiliyə uyğun şəkildə tərtib olunmasının, xüsusilə gömrük orqanlarına təqdim edilən invoyslarda malların dəyərinin düzgün göstərilməsinin vacibliyindən bəhs edib. İdarə rəisi düzgün tərtib olunaraq vaxtında təqdim edilən sənədlərin gömrük əməliyyatlarının qısa vaxt ərzində yekunlaşmasına şərait yaradacağını bildirib.

Daha sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.