Bir qrup millət vəkili, alim və yazar tanınmış tərcüməçi, şair Sevil Gültənin mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.
Qaynarinfo xəbər verir ki, müraciətdə uzun illərdir kirayədə yaşayan tərcüməçi, ingilis dili üzrə mütəxəssis Sevil Gültənin ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti I Vitse Prezident Mehriban xanım Əliyevaya
Möhtərəm Cənab Prezident İlham Əliyev!
İstedadlı tərcüməçi, şair və esseist Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) haqqında bu məktubu Sizə ünvanlayarkən ədəbiyyat və incəsənət adamlarına göstərdiyiniz böyük diqqət və qayğıya, yüksək humanizm prinsiplərinə sədaqətinizə güvənir, xahişimizə etinasız yanaşmayacağınıza böyük ümid bəsləyirik.
Sevil Gültən qırx ildən artıq bir müddət ərzində dünya ədəbiyyatının nadir incilərini orijinaldan birbaşa dilimizə çevirən, eyni zamanda Azərbaycan ədəbiyyatının dünya arenasında yayılması, tanınması və təbliğində müstəsna xidmətləri olan ingilis dili üzrə mütəxəssisdir. Dünya klassiklərinin roman, povest, hekayə, esse və poetik nümunələrinin bir çoxu məhz onun tərcüməsində Azərbaycan oxucusunun stolüstü kitabına çevrilmişdir. Yüksək səviyyəli mədəniyyət və incəsənət törənlərində Azərbaycanı ləyaqətlə təmsil edən yazıçı və şairlərimizin əsərlərinin əksəriyyəti Sevil Gültənin tərcüməsi vasitəsilə dünya ədəbi aləminə yol tapmışdır.
İndiyədək onun ingiliscədən tərcümə etdiyi 50-dən çox roman işıq üzü görmüş, 50-dək kitabın materialı olan 200-dən çox hekayə isə müxtəlif sayt və ədəbi orqanlarda çap olunmuşdur. Sevil Gültən Azərbaycan dilindən ingilis dilinə 70-dən çox kitab (şeir, roman, hekayə, elmi əsər və esse) tərcümə etmişdir. O, eyni zamanda Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sifarişi əsasında qələmə alınmış, ciddi tarixi əhəmiyyətə malik "Erməni əsirliyində", eləcə də "Akdamardan Sarı gəlinədək erməni yalanı" və "Erməni vandalizmi" kitablarının tərcüməçisidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tərcüməçilərin dostu və müəllimi olan Sevil Gültən eyni zamanda bir neçə şeir kitabının və esselər toplusunun da müəllifidir.
Çox təəssüf ki, şəxsi həyatında uğursuz bir tale yaşayan Sevil Gültən ata himayəsindən məhrum olan iki qız övladı ilə iyirmi ildir ki, kirayələrdə yaşamaq məcburiyyətindədir. Tərcümələrdən qazandığı cüzi qonorarla övlad böyüdüb boya-başa çatdırmağın, onları şəraitsiz kirayə evlərdə yaşatmağın nə qədər çətin olduğunu hər birimiz bilirik.
Möhtərəm Cənab Prezident!
Biz – ədəbi və elmi ictimaiyyətin aşağıda imza edən nümayəndələri Sizdən Sevil Gültənin ağır sosial durumunu və himayəsində iki övladının olmasını nəzərə alaraq, ona fərdi mənzil verilməsinə kömək etmənizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Sabir Rüstəmxanlı – xalq şairi, millət vəkili
Aqil Abbas – millət vəkili
Musa Urud – millət vəkili
Fazil Mustafa – millət vəkili
Etibar Əliyev – millət vəkili
Hikmət Babaoğlu – millət vəkili
Qılıncxan Bayramov – tərcüməçi, Azərbaycan Dillər Universitetinin professoru
Nəriman Həsənzadə – Xalq şairi
Vahid Əziz – Xalq şairi
Vilayət Hacıyev – tərcüməçi, filologiya elmləri namizədi
Vaqif Yusifli – filologiya elmləri üzrə fəlsəfə doktoru
Ramiz Duyğun – şair-publisist, hərbi jurnalist , AYB üzvü
Paşa Qəlbinur – şair, oftalmoloq, AYB üzvü
İradə Tuncay – yazıçı-publisist, "Ədalət" qəzetinin baş redaktoru
Aynur Camal – publisist "Teleqraf" Media Qrupunun rəhbəri
Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor
Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru, professor
Məmmədəli Qıpçaq – tarix üzrə fəlsəfə doktoru, professor
Azər Abdulla – yazıçı-publisist
Seyran Səxavət– yazıçı-publisist
Qulu Məhərrəmli – əməkdar jurnalist, professor
Baba Vəziroğlu – yazıçı, əməkdar incəsənət xadimi
Bahəddin Həziyev – "Bizim yol" qəzetinin baş redaktoru
Şahbaz Xuduoğlu – "Qanun" nəşriyyatının rəhbəri
Dəyanət Osmanlı – şair, AYB üzvü, Atatürk Mərkəzinin elmi işçisi
Vüsal Məmmədov – "AzVision.az" saytının baş redaktoru
Zahir Əzəmət – "Qaуnarinfo.az" saytının baş redaktoru
Faiq Balabəyli – "Müstəqil.az" saytının baş redaktoru
Bəxtiyar Əlirzayev – "BakuPost.az" saytının baş redaktoru
Sevinc Elsevər – şair, "Mücrü" jurnalının baş redaktoru
Azər Həsrət – Əməkdar jurnalist, siyasi şərhçi
Elçin İsgəndərzadə – şair, ATU-nun kafedra müdiri, professor
Ramiz Qusarçaylı – şair, "Ay işığı" ədəbi birliyinin sədri, AYB üzvü
Ağa Cəfərli – jurnalist, Azərbaycan Dillər Universitetinin mətbuat katibi
Qismət Rüstəmov – şair, AYB üzvü, Yaradıcılıq Fondunda aparat rəhbəri
Qulu Ağsəs – şair-publisist, "Ulduz" jurnalının baş redaktoru
Xalid Kazımlı – "Yeni Müsavat" qəzetinin redaktoru
Yusif Məhəmmədoğlu – "Xəbərlər" informasiya agentliyinin rəhbəri