USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik Bərdə sakininə "xaricdəsən" deyib, 190 manat vermədi - AÇIQLAMA

01.05.2020 İqtisadiyyat
0 0
"Bir ildir mən Azərbaycandan kənara çıxmamışam".

Bunu açıqlamasında Bərdə rayon Xanərəb kənd sakini Fidan Hacıyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 190 manat birdəfəlik yardımla bağlı müraciətinə imtina mesajı verilməsindən danışarkən deyib.

Fidan Hacıyevanın sözlərinə görə, nazirlik ona 190 manat birdəfəlik yardım verilməsindən imtina edib:

"Mənim həyat yoldaşım fəhlədir. Nə o, nə də mən heç bir yerdə işləmirik. Bir qızım var, 5 yaşında, ikinci övladım isə may ayında dünyaya gələcək. 190 manat yardımla bağlı mən də nazirliyə müraciət etdim. Mesaj gəldi ki, "müraciət tarixində ölkə xaricində olduğunuza görə, sizə 190 manat birdəfəlik yardım verilməsindən imtina edilib". Halbuki, mən bir ildir Azərbaycandan kənara çıxmamışam. Bütün kənd bilir ki, burdayam. Biz Rusiyadan ötən il qayıtmışıq. Orada olanda evimizdə yanğın oldu, bütün əşyalar, sənədlər, o cümlədən xarici pasportum yandı. Biz Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət etdik, onun köməkliyi sayəsində ölkəyə qayıtdıq".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Fidan Hacıyevanın xaricdən müraciət etdiyini vurğulayıb:

"Aidiyyatı dövlət orqanının informasiya sistemindən əldə etdiyimiz məlumata görə, Fidan Hacıyeva 2016-cı ildə Rusiya Federasiyasına gedib. Elektron bazada onun hazırda xaricdə ölkədə olduğu göstərilir və buna istinadən ona yardım verilməsidən imtina edilib. Fidan xanım Azərbaycana gəlsə belə hüququ sənədlərini qaydasına salmayıb. Yəni, onun adı hazırda xaricdə gedir".

Qaynarinfo