USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədovdan təhsillə bağlı mühüm - QƏRARLAR

01.05.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti təhsil sahəsinə aid bir sıra mühüm qaydaları təsdiq edib.

"Kommersant.az" xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Məmmədov Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarları şərh edib.

"1. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"

Bu qayda pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var).

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır. Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır. Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

2. "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"

Qaydaya əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub (bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar).

Kənd rayonlarında yerləşən kadr çatışmazılığı oldquda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal kimi, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

3. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları"

Bu qaydalar bütün təhsil müəssisələrində (ümumtəhsil, peşə, orta ixtisas və ali) psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Burada xidmətin əsas məqsədləri, fəaliyyət istiqamətləri, vəzifələri və xidmətin təşkili qaydaları müəyyən olunur.

Qeyd edim ki, bu üç qayda 2018-ci ilin iyun ayında "Təhsil haqqında" Qanuna edilmiş dəyişikliklərdən irəli gəlir.

4. "Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası"

Bu qayda ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir.

Orta ixtisas kredit sistemi əsasında təşkil olunacaq və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq. Orta ixtisas təhsili haqqında sənəd (diplom) sahibinə uyğun ixtisaslar üzrə ali təhsilə daxil olmaq hüququ verəcək".