"Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər".
"Kommersant.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı deyib: "İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır.
Biz dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqını tam ödəyirik. 600 min özəl sektor nümayəndəsinin, o cümlədən mikrosahibkarın, - hansı ki, onların çalışdıqları sahələr pandemiyaya görə daha çox zərər çəkib, - əməkhaqqının əhəmiyyətli hissəsini ödəyirik. Aztəminatlı təbəqəyə aid olan 600 min insanın, o cümlədən işsizlərin və qeyri-formal məşğul olanların vəsaitini ödəyirik. Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək".
"Biz bunu dəfələrlə görmüşük. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.
Ümid edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.
Mən bu gün Sizi təyin edirəm və ümid edirəm ki, Siz bu yüksək etimadı doğruldacaqsınız", - Prezident İlham Əliyev qeyd edib.