“Azərbaycanda güclü mütəxəssis olmaqdansa, Kanadada sıradan proqramçı olmaq istəyirəm”
"Yalnız Azərbaycanda telefon ustalarını "proqramist" adlandırırlar".
"Kommersant" bildirir ki, bu sözləri AzEdu.az-a müsahibəsi zamanı II robot olimpiadasının qalibi Yasin Quliyev deyib.
"Line follower", "Lego sumo" və "Hardware control" və "Drone Racing" kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, STEP Kiçik Kompüter Akademiyası və İSTƏK liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
AzEdu.az Yasin Quliyevlə müsahibəni təqdim edir.
- Yasin, hansı məktəbdə oxuyursan?
- "İstək" Beynalxalq Məktəbinin X sinifdə təhsil alıram. 4 yaşımdan bəri proqramlaşdırmayla maraqlanıram.
- Necə oldu ki, cəmi 4 yaşında səndə bu həvəs yarandı?
- İlk dəfə atam evə noutbuk gətirəndə yavaş-yavaş kompüterə marağım artdı. Bir-bir menyuları axtarır, yeni nələrsə öyrənməyə çalışırdım. 4 yaşımda sadəcə, kompüterin hissələrini öyrənməyə başladım. Bu, sonradan vərdiş halını aldı. İnternetdə proqramlaşdırma haqqında araşdırmalar aparırdım. Son 6 ildə 4 proqramlaşdırma dili öyrənmişəm. Bunlar C ++ , Python, Java və Pascaldır. Lakin bilgilərim hələ də yetərli deyil. Web proqramlaşdırmaya da hazırlaşmaq istəyirəm. Bəzi saytları özüm yığmışam. Bu il ən böyük hədəfim robotexnika sahəsində uğur qazanmaqdır.
- 4 yaşından proqramlaşdırmanı, heç kimin köməyi olmadan, yalnız öz üzərinizdə çalışaraq öyrənməyə başlamısan. Yəqin ki, bu, sənə müəyyən çətinliklər yaradıb…
- Bir məlumatı özünüz axtarmağa başlayanda o qədər də çətinlik yaranmır. Hər şey sizdən asılıdır. Bəzən, nəyisə axtaranda bəzi şeyləri səhv edirsiniz, onu isə düzəltmək çətin olur.
- Məktəb qiymətlərin necədir? Humanitar fənləri necə oxuyursan?
- Bizim məktəbdə sistem bir az fərqlidir. Bəzi fənnləri ümumiyyətlə, keçmirik. Tədris bölmələrə ayrılır. Mühəndis, iqtisadiyyat, tibb və s. Mənə yalnız mühəndis bölməsinə aid olan dərslər keçirilir. Bu fənlərdən də qiymətlərim yaxşıdır.
- Qeyd etdiniz ki, təhsil aldığınız məktəbdə sistem başqadır. Məsələn, "İstək" liseyini digər məktəblərdən başqa nələr fərqləndirir?
- "İstək" liseyinə bu il qəbul olunmuşam. Əvvəl Ankara liseyində təhsil alırdım və orada bizə bütün fənlər tədris olunurdu. İstək liseyində isə tədris mühəndislik, tibb, iqtisadiyyat və s. olmaqla bir neçə yerə bölünür. Bütün dərslər ingilis dilində keçirilir. Xarici universitetlərə qəbul X sinifdə başlanır. Hazırda qəbul imtahanını vermişəm. İngilis dili səviyyəsi üçün İELTS imtahanını isə yayda verəcəm. Beynalxalq məktəbdə səhər 08:00-dan axşam 09:00-a qədər vaxtınızı keçirə bilərsiniz. İstədiyiniz hər şey məktəbdə var. Əgər proqramlaşdırmayla maraqlanırsansa, bütün günü robot və ya kompüter otağında ola bilərsən. Bunun üçün xüsusi müəllimlər də var. Sadəcə, mən onların keçdiyi dərsləri bilirəm deyə, o dərslərə qoşulmuram, öz işimi elə özüm görürəm. Əlavə futbol və musiqi klubu da var. Ən yaxşı sistem isə müəllimlə şagird arasındakı münasibətdir. Müəllim şagirdin dostu olur, hər şeydə ona kömək edir. Məktəbdə həm xaricilər, həm də azərbaycanlılar dərs keçirlər.
- Məktəbə istənilən şagird qəbul oluna bilər?
- Orta məktəbi yaxşı oxuyan hər şagird bura qəbul ola bilər. Qəbul imtahanı Azərbaycan dili, riyaziyyat və ingilis dili üzrə aparılır. Mən qəbul olanda ingilis dilim çox da yaxşı deyildi. İngilis dilini zəif yazsam da, Azərbaycan dili və riyaziyyatdan bütün sualları cavablandırmışdım. İngilis dil səviyyəm yaxşı olmadığı üçün ilk 3 ay çətinlik çəkdim. Daha sonra isə hər şey düzəlməyə başladı. Daxil olduğum vaxtla indi arasında müqayisə aparsaq, dil bilgilərim çox inkişaf edib.
- Qeyd etdin ki, X sinifdən xarici universitetlərə qəbul aparılır…
-….X sinifdən sizi İELTS və CLT üzrə unversitetə hazırlaşdırırlar. İELTS və CLT imtahanlarında yüksək bal toplayandan sonra xarici universitetlərə qəbul ola bilərsiniz. Elə universitetlər var ki, balınız çatmır və bir il əlavə təhsil almalı olursunuz. Bu sistem ADA Universitetində var. İngilis dili səviyyən yoxdursa, bir il "foundation" oxuyursan. Universitetlər isə X sinifdən tələbə qəbul etmir. Sadəcə, qəbul üçün lazım olan sənədləri bu vaxtdan toplayıb qəbul zamanı təqdim edirsiniz. Yəni, lisey sənədlərinizi X sinifdə hazırlayır və XI sinifdə birinci kurs dərslərini sizə keçir.
- Məktəbin illik ödənişi nə qədərdir?
- Təxminən, 10.000 AZN…
- Yasin, II robot olimpiadasının qaliblərindən birisən. Necə oldu ki, bu olimpiadaya qatılmaq qərarını verdin?
II robot olimpiadasıyla bizim məktəb əməkdaşlıq edirdi. I robot olimpiadası barədə də məlumatlı idim. Sadəcə, robot haqqında məlumatım yox idi deyə, birinciyə qatılmadım. II robot olimpiadası 4 kateqoriya – "Line follower", "Lego sumo" və "Hardware control" və "Drone Racing" üzrə keçirildi. Biz "Hardware control" kateqoriyasında I yer tutduq. Digər bölmələrdə də iştirak edə bilərdik. Sadəcə, bir az vaxt azlığı oldu deyə, iştirak etmədim. Düzəltdiyimiz robotun kiti bizə "First Global" tərəfindən yollanmışdı. Biz küçələrdə, əyləncə mərkəzlərində zibilləri yığa bilən robot kit hazırladıq. İndiki hədəfimiz süni intellekt vasitəsilə robota proqram yazmaqdır. Belə olduqda, robot yollarda olan zibilləri heyvanlardan, yaxud başqa əşyalardan ayıra biləcək. Bu robotu Meksikada göstərməyəcəyik. Meksikada göstərəcəyimiz robot "First Global"ın bizə veridiyi tapşırıqlar əsasında hazırlanan robot olacaq. "First Global" bizə hər il müəyyən tapşırıqlar verir. Məsələn, keçənilki tapşırıqda robot su və çirkli tullantıları bir-birindən ayırmalı idi. Keçənilki yarışa 167 ölkə qatılmışdı, bu il 140-dan çox ölkənin iştirakı gözlənilir.
- Yasin, bəzi şagirdlər yarışların, xüsusilə də fənn olimpiadalarının şəffaf keçirilməməsi ilə bağlı narazılıq edirlər. Olimpiada iştirakçısı olaraq bu fikirləri necə dəyərləndirirsiniz?
- Fənn olimpiadalarında İnformatika üzrə iştirak etmişəm, amma o qədər də şəffaf olduğunu görməmişəm. İnformatika.edu.az saytında 250 istifadəçi yarımfinala keçir. Məncə, bu düzgün deyil. Bəzi şagirdlər cavabları digər şagirdlərdən köçürdərək, "250-lik"ə rahatlıqla girməyi bacarırlar. Yarımfinal mərhələsi isə çətindir. Burada köçürə bilmirsiniz, çünkü bir nəzarətçilər var, bir kompüter, bir də sən. Digər problem isə əgər yarışın 09:00-da başladığı deyilibsə, 09:00-da başlamır. Çünki sayt o qədər yavaşdır ki, hamı birdən girən kimi çökür. Gözləməlisən ki, sayt yenidən özünə gəlsin. Bəzi uşaqlar saytın özünə gəlməyini gözləyənə kimi yorulurlar. İlk qatıldığım olimpiadadanın səhv etmirəmsə, finalında sayt gecikdi, amma vaxtımız da gedirdi.
- Yeri gəlmişkən, informatikanın məktəblərdə tədrisi barədə nə deyə bilərsən?
- Hazırki məktəbimdə çox yaxşı tədris olunur və proqramlaşdırmaya başlamaq üçün əsas bilgilər verilir. Əvvəlki məktəbimdə informatika dərsinə saat ayrılsa da, keçirilmirdi. Proqramlaşdırma hazırda kurikulum əsasında tərtib olunan dərsliklərdə var. Bunu əvvəlcə müəllimlərə, sonra şagirdlərə öyrətmək lazımdır. Dərsliklərdə yazılanlardan şagirdlər heç nə başa düşmürlər. Belə olanda müəllim də şagirdə dərs deyə bilmir.
- Yəni, informatika müəllimlərinin özləri də proqramlaşdırmanı bilmirlər..
- Bəzi müəllimlər bu sahəni çox yaxşı bilir, bəziləri isə heç nə bilmirlər.
- Yasin, sayt tərtib edə bildiyini vurğuladın. Azərbaycandakı saytların vəziyyətini necə qiymətləndirirsən?
- Bəzi saytlar çox yaxşı, bəziləri isə çox pisdir. Bizdə ən böyük problem odur ki, bəzi xəbər saytları pul qazanmaqdan ötrü yanlış xəbərlər paylaşırlar. Azərbaycanda ən yaxşı sayt desəniz "hesab.az"ı deyərdim. Çünki o saytın qurucusu bizə mühazirə keçmişdi. Amerikada təhsil alıb və Azərbaycanda belə bir sistemin olmadığı görüb. Hazırda saytda bəzi dəyişikliklər aparır. Təhlükəsizliyi yüksək səviyyədə qorunan saytdır.
- Səncə, Azərbaycanda yüksək səviyyədə proqramçılar var?
- Xeyr yoxdur.
- Bəs, güclü mütəxəsislərin yetişməsi üçün nə lazımdır?
- Təhsil lazımdır! Hamı elə düşünür ki, kompüteri qabağıma qoyacam, "Yutub"dan videoya baxacam və proqramçı olacağam. Telefon düzəldən ustaları "proqramist" adlandırırlar. Hansı ki, onlar kursa gedib telefon proqramlaşdırmasını öyrənirlər. Digər tərəfdən universitetlərin verdiyi təhsil o qədər də yaxşı deyil.
- Bəziləri xaricdə işləyib sıradan bir proqramçı olmaq yerinə, Azərbaycanda qalıb güclü mütəxəssis olmağı üstün tuturlar. Bəs sən hansını istərdin: Kanadada sıradan mütəxəssis olmaq, yoxsa, Azərbaycanda peşəkar proqramçı kimi tanınmaq?
- Burdakı heç bir diplomu güclü ölkələr tanımır. Belə ölkələrdə çalışmaq üçün özünüzlə 7 min dollara qədər pul götürməlisiniz. Ancaq Kanadada sıradan proqramçı olmaq istəyərəm.
-Robotexnikanın Azərbaycanda vəziyəti necədir?
- Biz robotexnikanın hələ 1 faizini bilirik. Bu, hələ başlanğıcdır. Azərbaycanda robotexnikaya aid bir ofis belə görməmişəm. Türkiyədə isə çox rast gəlmişəm. Dövlət özü ofislər açır ki, bu yerlərdə işləyə biləsiniz.
- Qeyd etdin ki, hazırlayacağın robota süni intellekt tətbiq etmək fikrindəsən. Hazırda bu dünyada geniş yayılıb və yayılmaqda davam edir. Səncə, süni intellektin 30-50 ildən sonra dünyanı ələ keçirəcəyinə dair fikirlər nə dərəcədə doğrudur?
- Bunun qarşısını almaq olmaz. Böyük insanlar işin arxasına düşdüsə, bu, artıq qarşısıalınmazdır. Süni intellektin mənfi və müsbət cəhətləri var. Bu vasitəylə dünyanı da ələ keçirə bilərlər.
- Məsələn, mənfi tərəfləri hansılardır?
- Bir hörümçək düzəldirlər və onun əvvəlcə bir ayağı qırılır, bir az da gedir və o biri də sınır. Sonra yavaş-yavaş getməyə başlayır. Digər ayağını qaldırıraq ondan əl olaraq istifadə etməyə başlayır və pilləkənləri qalxır. Sonrasını siz fikirləşin və görün süni intellekt nələr edə bilər.
- Beynəlxalq olimpiada qaliblərinin Azərbaycandakı ali məktəblərə imtahansız qəbul olmasıyla bağlı təkliflər səslənir. Bu təklifi necə dəyərləndirirsən?
- Bəzi mühəndislərin çox yaxşı ideyaları var, amma qiymət ortalamaları bərbaddır. Bu onlara gələcəkdə çox böyük problem yaradacaq. İki işi də bir yerdə tutmaq lazımdır. Robotu buraxsalar onlara elə də ciddi bir problem yaratmayacaq. Təhsili atıb robotu seçsələr, heç yerə gedə bilməyəcəklər. Maksimum robot müəllimi ola bilərlər.