Hamı bilir ki, bu çətin durumda maksimum hakimiyyətə kömək etmək istəyirəm. Bu səbəbdən gördüyüm bəzi nöqsanları da qabartmıram. Bunu da hakimiyyətə görə deyil, Azərbaycan adlı Dövlətə görə edirəm. Ancaq elə şeylər var ki, onlar haqqında danışmamaq artıq mümkün deyil. Yenidən karantin elan olundu və iki gün hakimiyyət rəsmilərinin bir tikə çörəyə möhtac olan vətəndaşlar barəsində qəbul edəcəyi qərarı gözlədim. Artıq karantin qüvvəyə mindi, yenə heç bir xəbər yoxdur. Bu tam anormal haldır. Hakimiyyət karantin rejimini tətbiq etməzdən əvvəl həmin tədbirləri elan etməli, insanları tam ümidsiz vəziyyətə buraxmamalıdır. Onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirmək lazım deyil.
Pandemiya başlayan kimi hakimiyyət çox yaxşı elanlar verdi, İqtisadiyyat naziri Mikayıl Cabbarov vətəndaşları və iqtisadiyyatı qorumaq üçün 4 istiqamətdə aparılacaq tədbirlərdən, işçi qruplardan danışdı. Şəxsən mənim bu günə gördüyüm yeganə iş maddi vəziyyəti çox ağır olan insanlar üçün 190 manatın ayrılması oldu. Onu da çox yöndəmsiz həyata keçirdiklərindən iqtisadi, sosial, psixoloji effektini sıfıra endirdilər. Sonralar isə boş söhbətlərdən başqa real bir iş görən olmadı. Varsa onun insanlara doğru-düzgün çatdırılması yoxdur.
Hesab edirəm ki, hakimiyyət təcili 190 manatın ödənilməsini bərpa etməlidir və bunun tətbiqi zamanı qoyulmuş qadağalar (kimin torpağı, kimin maşını, və bənzər istisnalar) tam aradan götürülməlidir. Bilirəm ki, statistika bərbad, yox səviyyəsində olduğundan kimin həqiqətən 190 manata ehtiyacı olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Bunun üçün 190 manat ödənilən şəxslərin siyahısı tam elan olunmalıdır. Bundan əlavə, insanlara izah edilməlidir ki, ehtiyacı olmadan həmin pulları alanları ictimai qınağa çəksinlər. Necə ki, keçən dəfə bahalı maşını ola-ola 190 manatı alan bir xanımı hamı tanıdı və qınadı, başqaları ilə də o cür davranılacağını hamı bilsə həmin pullardan ehtiyacı olmayanların imtina edəcəyinə şübhəm yoxdur. Bunun üçün isə ayrıca bir neçə sosial çarx hazırlamaq da olar.
İnanmıram ki, həqiqətən ehtiyacı olanların sayı 1 milyonu keçsin. Çünki, onsuz da iş yerləri olanlar büdcədən maaşlarını alırlar. Bu isə bir aya 190 milyon manat edir. Bu iş üçün ayrılmış 3-3,5 milyardın 1 milyardı insanları 5 aydan artıq ayaqda saxlayar.
Həmin o 3-3.5 milyard manat barəsində detallı məlumat verilmədiyindən insanlar haqlı olaraq həmin pullardan da mənimsəmə, yaxud da məmur-oliqarxların öz bizneslərinə xərclədiklərini düşünürlər. Yeri gəlmişkən, elə bil ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, ona İctimai Nəzarət Şurası da təsis edildi. Ancaq bu günə qədər Fondun təşkilindən savayı digər xəbər yoxdur. Fondun fəaliyyətsizliyi ora ianə edən insanlarda haqlı olaraq peşmançılıq, inamsızlıq yaradır və gələcəkdə imkanı olan insanların bu tip təşəbbüslərə dəstək vermələrini əngəlləyir. Hesab edirəm ki, Fondun fəaliyyəti ilə bağlı mütəmadi olaraq cəmiyyətə hesabat verilməlidir.
Son olaraq qeyd edim ki, hakimiyyət hadisələri qabaqlayaraq yox, artıq hadisə olandan sonra tədbir görməyə başlayır. Bu da görülən işlərin effektini sıfıra endirir və haqlı olaraq insanlarda narazılıq yaradır. Bu gün daha çevik addımlar atmaq lazımdır, ləngimək həm hakimiyyətin, həm də xalqın məhvinə aparır. Bunu hamı anlamalıdır.