2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 5 mlrd. 240,8 mln. manat vəsaitin 2 mlrd. 887,1 mln. manatı və ya 55,1%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% artıb
"Kommersant" Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara istinadən xəbər verir ki, ümumi sərmayənin 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 73,1%-i məhsul istehsalı obyektlərinin, 20,8%-i xidmət sahələri üzrə obyektlərin, 6,1%-i isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9%, bank kreditləri 15,7%, büdcə vəsaitləri 23,6%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,8%, sair vəsaitlər isə 0,6% təşkil edib.
2018-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagird yerlik 3 ümumtəhsil məktəb binası, ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Xaçmaz rayonunda "Azərxalça" ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodu və s. obyektlər istifadəyə verilib.