"COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub".
"Kommersant.az" xəbər verir ki, bu barədə kanalın açıqlamasında bildirilib.
Qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər. CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq.
Şirkətin baş direktoru Vüqar Xəlilovun analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirirlər. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.
Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb.