İyulun 7-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış olmaq olar: https://youtu.be/HylsY0m9cEM .
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib.
Həmin siyahı ilə aşağıda tanış olmaq mümkündür:
- Referans kliniki laboratoriya mərkəzi;
- Leyla klinikası;
- Memorial klinikası
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- Talassemiya mərkəzi;
- UltraLab.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.
COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 əvvəl almalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M