Sualları Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı cavablandırır:
-Fəzail bəy, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dünən ölkədə fəaliyyət göstərən 18 qəzetə maliyyə yardımı ayırdı. Dərhal da bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bunu təqdir edənlərlə yanaşı, bir çoxları tərəfindən ciddi tənqidlərə məruz qaldı. Xüsusilə də, bəzi qəzetlərin adlarının o siyahıya salınması təəssüflə, etirazla qarşılandı. Bir zamanlar KİVDF-ni ciddi tənqid və ittiham etmiş bir şəxs kimi siz bu haqda nə fikirdəsiniz?
– Mən bu məlumatı kütləvi informasiya vasitələrindən oxudum və təəssüf etdim. Qeyd etdiyiniz kimi, vaxtilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda baş vermiş olan əyintilərin, eyni zamanda, orada olan özbaşınalığın, vəsaitlərin dağıdılmasının, jurnalistlərə qarşı ədalətsiz münasibətin üstünə getmişdim, o faktları açıqlamışdım və dediklərim də öz təsdiqini tapdı. Odur ki, mən əslində yeni rəhbərlikdən tamamilə başqa bir münasibət, yeni yanaşma gözləyirdim və təəssüf edirəm ki, rəhbərlik dəyişsə də, görünür ki, hansısa səbəbdən onun mahiyyətində zərrə qədər dəyişikliklər hiss olunmur. Açıq şəkildə qeyd edəcəm, təəssüf ki, qeyri-ciddi, reket qəzetlər belə maliyyələşdirilir. "Paralel" qəzeti var. Həmin qəzetin baş redaktoru Tapdıq Abbas Parlament seçkiləri dövründə mənim ünvanıma, böhtanlar, təhqirlər yağdırmaqla kifayətlənmir, həm də məni şantaj edirdi. Ən müxtəlif yollarla çalışırdı ki, ona hansısa bir şəkildə, hansısa bir formada pul verim, onun tələblərini yerinə yetirim. Təbii ki, mən bunları etmədim və onun hərəkətləri, davranışları, şərəf və ləyaqətimi təhqir etməsi ilə bağlı mən məhkəməyə müraciət etmişəm. Hazırda məhkəmənin birinci baxışı olub. İndi bu pandemiyaya görə, məhkəmə təxirə salınıb və həqiqətən mütləq sübut olunacaq ki, bu adam şantajçıdır, böhtançıdır, qərəzçidir və əslində Azərbaycanın mətbuatına ləkə gətirən bir insandır. Həmin şəxsin baş redaktoru olduğu qəzetin də adını orada görəndə çox təəssüf etdim. Burada yenilik ondan ibarət oldu ki, "525-ci qəzet" və "Şərq" kimi nüfuzlu, hörmətli qəzetlər maliyyə vəsaiti ayrılanların içərisində oldu. Bunu ürəkdən alqışlayıram. Ancaq orada elə mətbuat orqanları var ki, onlar ümumiyyətlə, oxunmur. Bu gün mənə elə gəlir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ictimai rəyin formalaşmasında ciddi rol oynayan elektron mətbuata daha çox diqqət və əhəmiyyət verməlidir. Daha çox onların situmullaşdırılması üçün addımlar atmalı və onları himayəyə götürüb, onlara maddi dəstək, maddi köməklik etməklə, onların izlənilməsinə və fəaliyyətinə daha geniş imkan yaratmalıdır. Çünki adları siyahıda olan dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur. Bu, həqiqətdir, bu, reallıqdır. Yəni, bu kiminsə, necə deyərlər, subyektiv mövqeyi deyil. Ancaq baxın, hər kəsin əlində bir telefon, evində bir kompüter dərhal yuxudan duran kimi internet resurslarından istifadə edərək bütün mətbuatı izləyə bilir, oxuya bilir. Və bütün məlumatları da biz bu gün yazılı mətbuatdan yox, məhz saytlardan alırıq. Belə olan halda, nəyə görə, saytlar bu himayədən kənarda qalır, mən başa düşə bilmirəm. Ancaq bazarda, sadəcə, kağız parçası kimi, istifadə olunan bəzi qəzetlərə yenə vəsaitin ayrılmasını doğru hesab etmirəm. Düşünürəm ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu məsələlərə yenidən baxmalıdır. Ən azı öz imicinin təmizliyi naminə.
-Yeri gəlmişkən, ölkədə bir neçə rəsmi, dövlət qəzeti var: "Azərbaycan", "Xalq qəzeti" və "Respublika" və sair. Bu gün onlara doğrudan da, ehtiyac varmı?
-Bilirsiniz, onlardan biri Milli Məclisin orqanıdır, biri Nazirlər Kabinetinin orqanıdır, biri də Prezident Administrasiyası İdarəsinin orqanıdır. Mən bunun əleyhinə deyiləm. Çünki rəsmi qəzetlər olmalıdır. Orada rəsmi xronikalar getməlidir. İnsanlar bu xronika ilə lazım gələndə maraqlanmalıdır, bəzi şeyləri özü üçün götürməlidir. Eyni zamanda ola bilsin ki, o yazılı mətbuatda bir tarix yazılır və sairə. Mən bunun əleyhinə deyiləm. Lakin bunlar da ola bilsin ki, öz fəaliyyətlərində bir az dönüş yaratmalıdırlar, daha çox oxunaqlı olmaq, böyük oxucu auditoriyasını öz ətrafında birləşdirmək üçün öz fəaliyyətlərini yeniləməlidirlər və sair. Mən bu qəzetlərin məhdudlaşdırılması və bağlanmasının tərəfdarı deyiləm. Ona görə ki, bunların artıq mövqeyi bəllidir, istiqaməti bəllidir və xətti bəllidir. Bu xətt üzrə onlar hər halda bu gün öz fəaliyyətlərini qururlar. Çox arzu edərdim ki, daha yüksək səviyyədə qursunlar. Ancaq elə qəzetlər var ki, onlar qeyri-müəyyən mövqe tuturlar. Bunlar şantaj mövqeyi sətgiləyirlər. Şər, böhtan yağdıraraq, onu özünün, necə deyərlər, "qara biznes"inə çevirirlər. Bunları aradan qaldırmaq lazımdır. Bir daha təkrar edirəm, dörd-beş müstəqil qəzetin bu gün bu və ya digər şəkildə nüfuzu və oxucusu var. O, 18 qəzetin içərisində mən üç rəsmi qəzetləri çıxıram, maksimum beş qəzetin bu gün Azərbaycanın ictimai-siyasi həyatında bu və ya digər şəkildə yeri və rolu var. Qalan on qəzetin yoxdur. Yoxdur, təəssüf ki, yoxdur. O zaman bunlara nə üçün pul ayrılmalıdır? Ancaq bu gün ictimai rəyin formalaşmasında çox mühüm rol oynayan bizim çoxsaylı saytlarımız var. Artıq həqiqətən bütün məlumatlar bu saytlardan götürülür. Elə sizin rəhbəri olduğunuz Etikxeber.az, o cümlədən, Modern.az, Moderator.az, Qafqazinfo.az, Turkistan.info, Azpolitika.info, Azvision.az, Mia.az, son vaxtlar özünün xüsusi fəallığı ilə seçilən və fərqlənən Demokrat.az, həmçinin, Pravda.az, Yenisabah.az, Ölkə.az, Unikal.org, Oxu.az, AFN.az və digər saytlar. Bunlar artıq ictimai rəyin formalaşmasında ciddi rol oynayırlar. Nədən bunlara maliyyə vəsaiti ayrılmalı deyil?…
-Fəzail bəy, dediklərinizlə tam razıyam. Amma o da faktdır ki, bu gün ölkədə onlarla deyil, bəlkə də yüzlərlə sayt, portal var. Sabah digərləri də buna iddia etməzlərmi?
-Bilirsiniz, ucdantutma hamısına maliyyə dəstəyi verilməsinin tərəfdarı deyiləm. Onların içərisində də qeyri-ciddiləri və başqa məqsədlərə xidmət edənləri var. Bunların üzərində indi geniş dayanmaq istəməzdim. Söhbət ictimai rəyə təsir edən nüfuzlu və müsbət imicli saytlardan, elektron KİV-lərdən gedir. Bu baxımdan, mən bütövlükdə elektron kütləvi informasiya vasitələrinə daha çox diqqətin ayrılmasının tərəfdarıyam. Çünki qeyd etdiyim kimi, ictimai rəyi onlar formalaşdırır. Ciddi məlumatlar məhz sizlərin vasitəsilə cəmiyyətə təqdim olunur. Sizlərin vasitəsilə ölkədə gedən prosesləri, onun ayrı-ayrı elementlərini izləyə, öyrənə, məlumatlana bilirik. Ona görə mənim yanaşmam ondan ibarətdir ki, yazılı mətbuatdan daha çox elektron kütləvi informasiya vasitələrinə diqqət artırılmalıdır. Və verilmiş olan vəsait bunlara daha çox ayrılmalıdır. Digər bir məqamı da demək istəyərdim ki, çox qəribədir uzun illər boyu jurnalist kimi göstərdiyi fəaliyyətini elektron kütləvi vasitələrində quran media mənsublarından daha çox yazılı mətbuatda olan jurnalistlər önə çəkilir, hətta, evlərin verilməsində belə onlara üstünlük verilir. Bu, doğru deyil. Bu, doğru yanaşma deyil. Jurnalistin əməyinə görə, məhsuldarlığına görə, qiymət vermək lazımdır. Çox arzulayardım ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu məqamlara daha çox fikir versin. Əgər versə, mənə elə gəlir ki, o, köhnə stereotipləri qırıb, özü haqqında daha üstün ictimai rəyi formalaşdıra bilər.Etikxeber.az