İyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.
Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcəkdir.
"İmtahana buraxılış vərəqəsi" sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.
Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcək.