Bu ilin 6 ayında süd və süd məhsulları, yumurtanın qiymətində ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz bahalaşma olub. Sputnik Azərbaycan-ın məlumatına görə, cari ilin iyun ayında may ayına nisbətən süd və süd məhsulları, yumurtanın qiymətində 2,2 faiz artım müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyun ayında may ayına nisbətən sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın qiymətlərində bahalaşma müşahidə olunub.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında Azərbaycanda süd istehsalı 1,9 faiz artaraq 1056,7 min ton, yumurta istehsalı 7 faiz artaraq 991,5 milyon ədəd olub.
Bəs, maraqlıdır süd və süd məhsulları, yumurtanın qiymətində bahalaşmanın səbəbləri nədir və növbəti dövrdə bu istiqamətdə qiymət artımı müşahidə ediləcəkmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, adətən bazarda süd və süd məhsulları, yumurta üzrə qiymətlər sabit deyil, dəyişkən olur: "Burada mövsümi amillər var, xüsusilə iyul ayından etibarən süd istehsalının həcmində azalma baş verir. Böyük ehtimal son dövrlərdə bu məhsullar üzrə ölkə daxilində tələbat da artıb. Çünki pandemiya fonunda əhali immunitet səviyyəsini yüksək saxlamaq üçün bu kimi məhsullardan istifadəyə daha çox üstünlük verir".
"Ola bilər daxili tələbin artması, mövsümi amillərə görə istehsal tempinin aşağı düşməsi, yay aylarında yeyinti sənayesi sahələrində süd məhsullarına tələbin yüksəlməsi qiymətlərə təsir göstərir. Tələbin artması istehlakçıya təklif edilən südün həcminin azalmasına gətirib çıxardır və qiymətdə bahalaşma baş verir"-deyə o qeyd edib.
O bildirib ki, eyni zamanda südün bir qismini idxal edirik: "İdxal prosesində artıq problemlər müşahidə olunub. İdxalçı şirkətlər gecikmələrdən və xidmətlərin qiymətinin artmasından şikayət edir. Bütün bu xərclər son nəticədə məhsulun maya dəyərində öz əksini tapır. Bundan başqa, gecikmələr zamanı bəzi hallarda bazarda tələb-təklifin pozulması qısa müddətli dövrdə qiymətlərin sərt şəkildə artmasına da təsir göstərə bilir. Xüsusilə də yumurta bazarında bu, daha çox müşahidə edilir. Müxtəlif səbəblərdən yumurta bazarında qiymətlər çox dinamikdir. Bu istiqamətdə istehsalın və idxalın həcmi, yerli istehsalçıların az olması buna təsir göstərir. Ümumiyyətlə, yay aylarında bu sahədə məhsuldarlıq aşağı düşür, həmin məhsulların qiymətləri, yumurtanın qiyməti artır".
"Növbəti dövrdə süd və süd məhsulları, yumurtanın qiymətində bahalaşma olmayacaq. Əksinə qiymətlər aşağı düşəcək. Payız ayında sənayenin süd məhsullarına tələbi aşağı düşəcək, eyni zamanda yumurta istehsalında məhsuldarlıq artacaq. Bu da qiymətlərin tənzimlənməsinə şərait yaradacaq. Nəticədə bu istiqamətdə qiymətlərin stabilliyini müşahidə edə biləcəyik"-deyə ekspert diqqətə çatdırıb.
Ekspert pandemiya nəticəsində dünya bazarlarında məhsulların qiymətinin bahalaşdığını da vurğulayıb.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, əsasən xaricdən gətirilmiş quru süddən hazırlanmış məhsullar bazara çıxarılır: "Şirkətlər yerli şirkətlər olsa da istifadə etdikləri xammal əsasən xaricdən gətirilir. Yerli istehsalda artım var, çünki xaricdən gətirilən süd məhsullarının həcmində azalma oldu əsasən də mart-aprel aylarında. Yerli istehsal artdı, amma yerli istehsalın istifadə etdiyi xammalın da xaricdən gətirildiyini nəzərə alsaq, burada müəyyən qiymət artımı oldu. Quru süd əsasən Ukraynadan, Rusiyadan, Hollandiyadan ölkəmizə gətirilir. Nəqliyyat xərclərinin artımı müşahidə olunduğuna görə yerli məhsul adı altında bazarda olan süd məhsullarının da qiyməti artıb".
Xatırladaq ki, 2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz təşkil edib. 2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz təşkil edib.