USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Masazırda "yuyulan pullar", sahibsiz küçələr - FOTO

06.08.2020 İqtisadiyyat
0 0
Abşeron rayon Masazır kəndində məhlələr arasında yığılan zibillər uzun müddətdir ki təmizlənmir.

"Kommersant.az" xəbər verir ki, şikayətdə bildirilir:

"Məsələ burasındadır ki, son zamanlar küçələrimizdən üfunət iyindən dayanmaq mümkün deyil. Buna səbəb isə həftələrlə zibillərin ərazidən daşınmamasıdır. Masazır Bələdiyyəsinin əməkdaşları hər ay qapı-qapı düşüb hər evdən 4 manat yığırlar ki, zibili gəlib evinizin yanından həftədə 3 dəfə aparacağıq. Bu sətirləri yazan şəxs olaraq mən hətta oktyabr ayı daxil olmaqla bu ödənişi yerinə yetirmişəm. Amma təəssüf ki, pul almaq Masazır Bələdiyyəsi üçün nə qədər asan olsa da, öhdəliklərini yerinə yetirmək bir o qədər müşkülə çevrilib.

Bu gün (06.08.2020) Masazır Bələdiyyəsi ilə əlaqə saxladıq. Bizə Bələdiyyənin Baş mühasibi cavab verdi. Bildirdi ki, Bələdiyyə bir özəl şirkətlə müqavilə bağlayıb, zibili də onlar aparmalıdırlar. Bir sözlə, məsuliyyəti boynundan atdı. Bildirəndə ki, bu məsələnin əhaliyə heç bir dəxli yoxdur və ərazidən zibilin daşınması biləvasitə Bələdiyyənin vəzifəsidir, qadın sanki çıldırdı. Hətta bu problemi mətbuat vasitəsi ilə ictimailəşdirməyə çalışacağımızı bildirməyimiz də Bələdiyyə rəsmisini sakitləşdirə bilmədi. "Gedin nə bilirsiniz edin" – cavabı bu oldu".