“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”.
"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
O bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar: "Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki, bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq".
Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib: "Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin".
Deputat nəzərə çatdırıb ki, "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti ilə bağlı da iradlarını bir neçə gün sonra səsləndirəcək:
"Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəm".