Koronavirus infeksiyasının yayılması, iqtisadi cəhətdən bir çox sahəyə mənfi təsir göstərsə də, bəzi sahələrdə işlərin artmasına səbəb olub. Elektron ticarət də şübhəsiz ki, bu sektorlardan biridir. Bəs pandemiya Azərbaycanda onlayn ticarətə necə təsir edib?
Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov deyir ki, bu sahə 6 ay ərzində Azərbaycanda daha çox inkişaf edib: Bu gün bütün sahibkarlıq mühiti öz alıcılarının gəlirlərinə uyğun xidmət təklif edir. Bu da onunla əlaqədardır ki, bir çox obyektlər, şirkətlər artıq yerində xidmət göstərə bilmirlər və insanların da bu məhsullara ehtiyacları yaranır və İnternet vasitəsilə məhsulları almağa başlayırlar. Pandemiyaya qədər kimlər ki, öz onlayn mağazasını qurmuşdu, onların satışları bəzi kateqoriyalarda artdı. Amma kimlərin ki, elektron mağazası yox idi, onlar bunu təzə qurmağa başladılar. Təbii ki, elektron ticarət mağazası qurmaq 3-6 aylıq bir iş deyil. Bu proses hələ pandemiya bitəndən sonra tamamlanacaq.
Nicat Manafov pandemiya dövründə insanların daha çox mətbəx avadanlıqları aldıqlarını söyləyir: Pandemiya dövründə insanlar çörəyi artıq öz evlərində bişirməyə başladılar. Pandemiyanın ilk vaxtlarında oyun sektorunda canlanma müşahidə olundu. İnsanlar stress və pis xəbərlərdən uzaq olmaq üçün oyunlara, filmlərə üz tutdular.
Pərakəndədəki market alış-verişi isə ənənəvidə qalmağa davam etdi. Demək olar ki, onlayn qida marketi Azərbaycanda yox idi. Bununla bağlı yaranan şirkətlər düşündü ki, bu dövrdə çox ciddi tələb yaranacaq və insanlar marketə getməyəcək. Bu, illuziya idi. Azərbaycan alıcısı marketə getməyi sevir. Belə görünür ki, onlar yaxın illərdə də bu vərdişi dəyişməyəcəklər. Azərbaycanda 3-4 ay ərzində insanlara onlayn market alış-verişi təklif edildi, lakin alıcılar o şirkətləri tanımır və böyük supermarketlərə gedib öz alış-verişlərini etməyi üstün tuturlar.
Pandemiyanın əvvələrində restoranlar bağlı olduğu üçün xüsusi yemək çatdırma şirkətlərinin satışlarında artım müşahidə olunsa da, pandemiyanın ortaları və indiki halda onların satışları da aşağı düşdü:
Artıq Azərbaycanda pandemiyanın sonuna gəlirik. Yemək çatdırılma şirkətlərində təklif çox olsa da artıq tələblərdə azalma var. Bu da ona görədir ki, təklifdən asılı olmayaraq, insanlar xərclərini azaltmağa başaldılar. Çünki onların bir çoxu bu gün işləmir, maaşları az alır və ya məvaciblərin verilməsi tamamilə dayanıb. Hər şeyi tələb müəyyən etdiyi üçün pərakəndə ticarətlə bərabər elektron ticarətdə də artıq durğunluq açıq dərəcədə hiss olunur.
Ümumiyyətlə pandemiya dövründən sonra da sahibkarlara tövsiyə edərdim ki, buna ciddi yanaşsınlar, mağazaya investisiya qoyublarsa, bir o qədər də elektron ticarətə investisiya yatırsınlar.