USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mən də, Erkin Qədirli də bəzən nala-mıxa vururuq” - Vasif İsmayıl

12.08.2020 İqtisadiyyat
0 0
Korona haqqında niyə danışmağa başladım və ünvanıma gələn söyüşlərə görə geri çəkilmədim.

Mən həyatımda ciddi qərarlar alıb arxasında durmağı dəfələrlə bacarmış biriyəm. Həyatsevər, amma həyatın gerçəkliklərinə soyuqqanlılıqla baxan biriyəm eyni zamanda. İnsan soyuqqanlı davrananda üzü sərtləşir, kənardan qurd kimi emosiyasız görünür. Bəlkə fikir vermisiniz - qurdlar ya qəzəblidirlər, ya da laqeyd.

İlin əvvəlindən seçki prosesində idim. Bütün diqqətim orada idi. Səmimi və güclü kampaniya apardıq. Yaxşı da nəticə aldıq. Amma mənim qarşıma Bəxtiyara və ya digər bəzi güclü namizədlərə etdiklərini çıxarmadılar. Sadəcə bir qrup insana pul dağıdaraq "karusel" qurdular və xanımı qalib elan etdilər. Bizim dairədə Müsavat namizədi Könül Alıdan başqa heç kəsin səsini oğurlamadılar.

İncidim.

Mən bütün çatışmazlıqlarına baxmayaraq hakimiyyət ilə işləməyi üstün tutan biri idim. Seçkidən sonra "artıq hökumətə heç bir məsələdə "yardım" etməyəcəm" deyə özümə söz verdim.

Amma araya korona girdi. Və mən...bu bəlanın hamıya təsiri olacağını, hamıya toxunacağını yaxşı anlayırdım.

Əgər xəstəlik vüsət alarsa, sadə azərbaycanlının "day-dayı", pulu olmadığı üçün xəstəxanaya düşməyib evində balıq kimi çırpına-çırpına öləcəyini yaxşı anlayırdım.

Ona görə söyüş yiyəsi olsam da, aylardır bildiyim, oxuduğum həqiqətləri sizlərə çatdırıram.

Bir növ "hökumətə yardım edirəm".

Doğrudur, TƏBİB, yəni həkimlər bunun belə olmaması, kasıbın belə xidmət alması üçün əlindən gələni etdilər.

Mən isə sənin üçün çalışıram, ey azərbaycanlı!

Anamsan, atamsan, dayım və əmimsən, ən azından həmvətənimsən.

Acısan bəzən - gicitkən kimi dalayırsan.

Axmaqsan bəzən - oxumadan ağzıköpüklü hücum edirsən.

Amma...mənimsən.

Mənim də bəxtimə azərbaycanlı olmaq düşüb və bundan ötrü sonsuz məmnuniyyət duyuram.

Bacarıqlı xalqıq! Bəşəriyyət üçün iş görməyi bacaran xalqıq. Humanistik. Maraqlıyıq.

Özümüzünküyük.

Bu gün Erkinə hücum çəkməsəydilər, bəlkə də bunları yazmazdım. Amma əllərimi yanıma salıb otura da bilmirəm.

Bəli, liberal demokrat bir insanam, amma "artıq hökumətə "yardım" etməyəcəm" deyib sonra yardım edirəmmiş kimi də görünə bilərəm.

Prinsiplərimi çeynəmiş adam kimi də görünürəm, amma...

Amma mən də, inanıram ki, Erkin də insanlarımızın maraqları üçün bəzən nala-mıxa vururuq.

Siz isə hücum çəkməkdə, söyməkdə əlinizi saxlayın. Bizim ideyalarımız da boşdur, sözlərimiz də.

Əgər bu gün öz anamız bizim dediklərimizi ancaq bizi sevdiyi üçün təkrarlayır, amma inanmırsa, biz yekə deyilik, hələ..."küçüyüm, daha çok küçüyüm, bu yüzden bütün hatalarım"....

Vasif İsmayıl

Həkim