Azərbaycan Respublikasında əlavə təhsil təkrar yüksək texniki peşə təhsilini də əhatə edəcək.
"Kommersant.az"-ın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən müvafiq qərarla təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nda əksini tapıb.
İndiyə qədər Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edib.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na etdiyi dəyişikliyə əsasən isə yüksək texniki təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna da malik olacaq. İndiyə qədər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malik olublar.
Eyni zamanda buraxılış kurslarında təhsil alanlar istisna olmaqla, ali və orta ixtisas təhsil pilləsi tələbələri kimi yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil müəssisələrinin tələbələri də ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.