İran, OPEC və müttəfiqlərinin bu həftə Vyanada keçirəcəyi iclasda, Venesuela və İraqın, neft hasilatının artmasını istəyən Səudiyyə Ərəbistanı və Rusiyanın təklifinə qarşı çıxacağını bildirib.
"Kommersant" xəbər verir ki, İranının OPEC nümayəndəsi Hossein Kazempour Ardebili, Bloomberg-ə Bazar günü verdiyi müsahibədə, "Üç OPEC üzvü, buna qarşı çıxacaq" - deyib və "Əgər Səudiyyə Ərəbistanı və Rusiya istehsalı artırmaq istəsə, bunu fikir birliyi içərisində etməlidir. İki ölkənin tək hərəkət etmək istəməsi vəziyyətində isə əməkdaşlıq müqaviləsi pozulmuş olacaqdır" deyib.
İrandan verilən açıqlama, OPEC üzvlərinin bu həftə keçirəcəkləri toplantıda neft hasilatı mövzusunu müzakirə edəcəklərini göstərir.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.