Hazırda ölkənin əksər şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib. Bir çox məhdudiyyətlər aradan qaldırılıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.
Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.
4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirlərin davam etdirildiyini müsbət dəyərləndirib.
Onun sözlərinə görə, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması və xüsusi karantin rejiminin mərhələli qaydada yumşaldılması, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir:
"Bu mənada yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqsədəuyğun hesab edilir. Əlbəttə, vətəndaşlarımız da başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər və bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcək. Payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Koronavirus ilə birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir".
Millət vəkilinin sözlərinə görə, başlıca vəzifəmiz koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir: "Kimliyindən və statusundan asılı olmayaraq hər kəs atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməlidir. Lazımsız ifadələr, sözlər işlədib ictimai rəyi də çaşdırmaq bu günün məqsədlərinə uyğun deyil".
Tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdə bizim ən əsas vəzifələrimizdən biri və birincisi övladlarımızı bu xəstəlikdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir.
Doğrudur, bu gün bəzi vətəndaşlarımız gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük nümayiş etdirirlər. Amma onlar yolların açılmasından çox insanlarımızın, cəmiyyətimizin, özlərinin və ailəsinin sağlamlığını, təhlükəsizliyini düşünməlidirlər.
Hətta, bu gün elə insanlar da tapılır ki, yumsalma tədbirləri çərçivəsində muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsinin lazımsız olduğunu iddia edirlər.
Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir.
Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir".