Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Baş Naziri, Prezidentin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib.
"Kommersant.az"-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bildirib ki, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev qarşıya yeni vəzifələr qoyub
Bunlar aşağıdakılardır:
• makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
• iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
• daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
• xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
• qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
• ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
• sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir.
Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Prezidentin Fərmanında İqtisadi Şuraya iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanması tapşırılıb.