USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yas mərasimləri ləğv olunur? - AÇIQLAMA

24.09.2020 İqtisadiyyat
0 0
Məlumdur ki, ölkəmizdə yas və toy mərasimlərinə mövcud epidemioloji şəraitə uyğun olaraq məhdudiyyətlər var. Toyların keçirilməsi ilə bağlı bəzi yumşalmaların olacağı bildirilsə də, yas adətlərinin necə keçiriləcəyi ilə bağlı məlumatlar hələ ki yoxdur.

Maraqlıdır, pandemiyada yas mərasimlərinin yumşaldılması olarsa, hansı güzəştlər tətbiq edilə bilər?

Pravda.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"Koronavirusa qarşı mübarizə qlobal pandemiya elan olunan ilk gündən qarşımızda duran bir nömrəli problem olaraq dövlət bütün imkanlarını bu mübarizəyə səfərbər edib.

Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə gündəlik COVİD-19-a yoluxma dinamikasını təhlil edərək çox ciddi qərarlar qəbul etdi, ölkədə məhdudiyyətlər tətbiq olundu.

O cümlədən toy və yas mərasimlərin keçirilməsi qadağan olundu. Məhz dövlətin vaxtında qəbul etdiyi qərarlar, tətbiq olunmuş məhdudiyyətlər, qərarların icrasına ciddi nəzarət və insanların bu işə məsuliyyətlə yanaşması uğurlu nəticələrin əldə olunmasına imkan verdi.

Bu gün isə çoxlu məhdudiyyətlər ləğv edilmiş və qüvvədə qalan məhdudiyyətlərin də yumşaldılması ətrafında danışılmaqdadır. O cümlədən, mətbuatda ən çox müzakirələr toy və yas mərasimlərinə tətbiq olunmuş qadağaların yumşaldılması ilə bağlıdır".

Deputat qeyd edib ki, ümumiyyətlə, yas mərasimləri ləğv olunsa yaxşı olar:

"Qeyd etmək istəyirəm ki, bütün qadağalar və yumşalmalarla bağlı qərarları Operativ Qərargah verir. Amma deputat və həm də bir vətəndaş kimi subyektiv fikrim ondan ibarətdir ki, koronavirus pandemiyasının bu gün ölkədəki vəziyyətinə uyğun toyların keçirilməsində müəyyən məhdud dairədə yumşalmalar həyata keçirilə bilər, amma yas mərasimlərin keçirilməsini isə hətta postpandemiya dövründə də belə bir adət olaraq ləğv olunsa, düzgün hesab edirəm.

Çünki dəfnindən sonra günlərlə təmtəraqlı yas mərasimlərin keçirilməsinin torpağın altında əbədi yatan insana heç bir aidiyyəti yoxdur. İnsan öldü, dəfn olundu, başsağlığı verildi və onunla da mərasim bitməlidir. Kimlərin vaxta imkanı varsa və dəfn mərasimində iştirak etmək, rəhmətə gedənin sahibinin yanında olmaq, ona səbir diləmək istəyi varsa, dəfn mərasimində iştirak edib bildirməlidir.

Kimlərin isə dəfn günündə buna imkanı çatmır və başsağlığını vermək istəyirsə, bunu telefonla zəng edib və ya qəzetdə başsağlığı verməklə kifayətlənməlidir. Yoxsa, qonşudan geridə qalmayaq təfəkkürü ilə imkanı oldu-olmadı günlərlə yas məclislərin təşkil edilməsinə nə ehtiyac var. Bunu imkanı olanlar üçün də bir fiziki yük hesab edirəm.

İmkanı olanlar günlərlə yas məclisini keçirmək adətdir deyib bütün işlərini buraxıb mərasimin keçirilməsi ilə məşğul olur, maddi imkanı olmayanlar isə qonşusunu görüb borca-xərcə düşüb məclis keçirir və sonra aylarla borcun altından çıxa bilmir.

Əgər yas mərasimlərinin keçirilməsi insanlar arasında bir adət kimi ləğv olunarsa, hamı biləcək ki, belə qayda yoxdur və bir-birini görüb bəhsə girməz. Düşünürəm ki, bu, koronavirus pandemiyasının bizə qazandırdığı ən müsbət təcrübə oldu. Bu günə qədər nəsildən-nəsilə ötürülən çoxlu adət-ənənələr var ki, təkmilləşməyə gedib.

Hesab edirəm ki, dəfn və yas mərasimləri də təkmilləşməli, yas mərasimləri adət şəklində insanların özləri ləğv etməli, insanların rahatlığına xidmət edən formada dəfn mərasimi ilə məclis başa çatmalıdır".

  • Əvvəlki

    Operativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0