Rusiyanın "Russia” adlı xüsusi təyinatlı uçuş dəstəsinə məxsus olan "İl-96-300” təyyarəsi Yerevana enib.
"Report" "Fightradar"a istinadən xəbər verir ki, oktyabrın 5-də yerli vaxtla saat 09:14-də Moskvadan havaya qalxan RA-96019 nömrəli təyyarə saat 12:54-də Yerevanda yerə eniş edib, artıq saat 14:28-də isə yenidən Moskvaya istiqamət götürüb.
Təyyarənin Ermənistan paytaxtına hansı səbəbdən göndərilməsi, kimi daşıması barədə səhih məlumat verilmir.
Qeyd edək ki, Rusiya prezidentinin İşlər İdarəsinin tabeçiliyində olan "Russia" xüsusi uçuş dəstəsi ölkənin ali mülki və hərbi rəhbər şəxslərinin daşınması ilə məşğuldur.
Belə ki, Rusiya prezidentinin müvafiq fərmanına görə həmin dəstə Rusiya prezidentinə, hökumət sədrinə, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinə və Dövlət Duması sədrinə, Ali Məhkəmə sədrinə, Konstitusiya Məhkəməsi sədrinə, Baş prokurora, İstintaq Komitəsi sədrinə, Prezident Administrasiyası rəhbərinə, xarici işlər nazirinə şəxsi xidmət göstərir.
RF prezidentinin mətbuat katibi Dmitriy Peskov "Russia" xüsusi uçuş dəstəsinə məxsus təyyarənin Yerevanda yerə enməsindən xəbəri olmadığını bildirib.