USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu günədək 451 ton tədarük olunub

20.06.2018 İqtisadiyyat
0 0
“Azəripək” MMC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 451 ton yaş barama qəbul olunub.

MMC-dən bildiriblər ki, barama tədarükündə Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 53 ton 764 kiloqram yaş barama təhvil veriblər. Zaqatala rayonunda bu günədək 40 ton 862 kiloqram, Füzuli rayonunda 37 ton 569 kiloqram, Ağcabədidə 37 ton 127 kiloqram, Şəkidə isə 32 ton 193 kiloqram yaş barama tədarük olunub.

Qeyd edək ki, 2018-ci ildə Çindən müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-də və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə, mayın əvvəllərində isə dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb.

Cari ildə Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

Azərtac