USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“SOCAR Gürcüstanda sosial sahələrə 100 milyon dollara qədər investisiya yatırıb” - Rövnəq Abdullayev

21.10.2020 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz sosial məsuliyyətini anlayır.

"Kommersant.az"-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində "SOCAR Energy Georgia" tərəfindən tikiləcək uşaq bağçasının təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: "Gürcüstan hökumətinə bizə sosial layihələrimizi və investisiyalarımızı həyata keçirmək üçün imkan yaratdığı üçün minnətdaram. Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır".

Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: "Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib".

O, SOCAR-ın Gürcüstanda bu işlərin rahat şəkildə həyata keçirməsi üçün hər bir şəraitin yaradıldığı üçün hökumətə minnətdarlığını bildirib.

R.Abdullayev qeyd edib ki, möhtərəm Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu əsas vəzifələrdən biri Gürcüstanda yaşayan soydaşlarımızın inkişafı üçün onların imkanlarının genişləndirməkdir: "Bu işdə də biz aktiv işləyirik və çalışırıq. Gürcüstan hökuməti də bu işdə bizə əlindən gələn köməyi əsirgəmir".

Xatırladaq ki, bu gün Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində SOCAR Energy Georgia tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulub. Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodexi meri Condo Mdivnişvili, Laqodexi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, 100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1 242 kvadratmetrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstanda müxtəlif sosialyönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. "SOCAR Georgia" şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.