"Türkiyə Qarabağ məsələsində geri çəkilməyəcək və ən gözlənilməz qətiyyətli hərbi addımlara da hazırdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinin telefon danışığının bəzi detallarını şərh edərkən deyib. Politoloq bildirib ki, Ərdoğanın xüsusilə də Qarabağ ərazisində, konkret olaraq Şuşa şəhərində PKK-nın 2000 terrorçusunun olması barədə kəşfiyyat məlumatlarını Rusiya prezidenti Putinə çatdırması təsadüfi deyil:
"Türkiyə məhz PKK amilini özünün "qırmızı xətt"i sayır. Türkiyə dövləti PKK məsələsində hətta bütün dünyanı qarşısına alacaq qədər prinsipial mövqeyə malikdir. Bunu Qərb də, İran da, Rusiya da bilir. Digər tərəfdən, artıq Azərbaycan çox ciddi hərbi qələbələr qazanıb və prosesə diktə edir. Bu mərhələdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı öz əhəmiyyətini itirib. Görünən budur ki, ABŞ yeni sülh prosesinə cəhd edir və tərəflərlə işləyir. Eləcə də Türkiyə Qarabağda sülh danışıqlarına və ümumiyyətlə, nizamlanma prosesinə rəsmən daxil olmaq istəyir. Ərdoğan Putini buna razı salmağa çalışır".
Nəsimi Məmmədli qeyd edib ki, əgər Rusiyanın razılığı alınarsa, Ermənistanın müqaviməti çətinləşəcək:
"Əslində Putin Qərbin bu prosesdən kənərlaşdırılmasında maraqlıdır. Suriyada olduğu kimi Türkiyə, İran və Rusiyanın Qarabağda da birgə fəaliyyətinə cəhdlər var. İranın fəal diplomatik təşəbbüslərinin arxasındakı amillərdən biri də bununla bağlıdır. Rusiya prezidenti Putin özünün və ölkəsinin maraqları baxımından Türkiyə ilə Qarabağda açıq hərbi toqquşmaya gedə bilməz. Lakin meydanı da tərk etməyəcək. Rusiya burada Türkiyənin rolunu İranın iştirakı ilə balanslaşdırmaq istəyir. Azərbaycan-İsrail münasibətlərinin, strateji əməkdaşlığının indiki vəziyyətində Azərbaycanın buna razılaşacağı inandırıcı deyil".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Ərdoğan "Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq", – deyə görüşün detallarını açıqlayıb.