Baş Gömrük İdarəsinin inzibati binasında sahibkarlarla görüş keçirilib
"Kommersant" xəbər verir ki, görüşün məqsədi gömrük işinin şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması məqsədilə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaq olub.
DGK rəisi Bəhruz Quliyev deyib ki, gömrük sahəsindəki islahatların tərkib hissəsi olaraq gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə keçirilən görüşün şəffaflığın təmin edilməsi, qarşılıqlı səmərəli dialoqun qurulmasında mühüm rol oynayacaq.
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov gömrük sahəsində aparılan islahatlar, gömrük işinin təkmilləşdirilməsi ilə bağlı tətbiq ediləcək yeniliklər, güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
C.Qasımov gömrük-biznes dialoqunun gücləndirilməsinin bu istiqamətdə görülən işlərə mühüm dəstək olduğunu bildirib, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə idxal əməliyyatları zamanı məlumatların əvvəlcədən verilməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə rəisi biznes subyektləri tərəfindən etibarlı və peşəkar gömrük təmsilçilərinin, daşıyıcıların seçilməsinin, qısa idxal bəyannamələrinin vaxtında və düzgün tərtib olunaraq gömrük orqanına təhvil verilməsinin gömrük rəsmiləşdirilməsinin qısa vaxt ərzində həyata keçirilməsini təmin edən əsas amillərdən olduğunu bildirib.
Qarşılıqlı diskussiya şəklində keçirilən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.