USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə missiyası Hesablama Palatasında olub

20.06.2018 İqtisadiyyat
0 0
İyunun 20-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqazda Dövlət Maliyyə İdarəetməsi layihəsinin missiyası ilə görüşü olub.

Hesablama Palatasının mətbuat xidmətindən "Kommersant"a bildiriblər ki, Vüqar Gülməmmədov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndə heyəti - proqram üzrə qrupun rəhbəri Jens Peterson Tumser və ekspert Kristian Doerinq layihə çərçivəsində proqramın məqsədləri - səmərəlilik və hesabatlılıq sahələrində dövlət maliyyə subsistemlərinin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması, fərdi tərəfdaş təşkilatların potensialını gücləndirməklə yanaşı büdcə sistemindəki təşkilatlar arasındakı qarşılıqlı əlaqə, vergi siyasəti və vergi idarəetməsi sahələrində avtomatik məlumat mübadiləsi, vergi audit funksiyası, kütləvi informasiya vasitələri və sosial tərəfdaşlarla ünsiyyət məsələlərini müzakirə ediblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın əməkdaşlığa hazır olduğunu bildirib, qurumun cari fəaliyyəti barədə məlumat verib, o cümlədən Tvinninq layihəsi ilə əhatə olunan maliyyə, uyğunluq və səmərəlilik auditi, yeni "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu və bununla bağlı gələcək fəaliyyətin təkmilləşdirilməsi, eləcə də maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşdırılması, həmçinin digər Ali Audit Qurumlarında qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məsələlərindən danışıb.

Proqram üzrə qrupun rəhbəri Jens Peterson Tumser və ekspert Kristian Doerinq GIZ barədə məlumat verərək Almaniya səfirliyi, Avropa İttifaqı nümayəndəliyi və Dünya Bankı ilə görüşlərdə son illərdə Hesablama Palatasında baş verən önəmli dəyişikliklər və gələcəyə doğru yeni fəaliyyət planlarından danışıb, GIZ tərəfindən hazırkı layihənin 2020-ci ilin mart ayına kimi davam etdiriləcəyini bildiriblər.

Görüşdə, həmçinin 2020-ci ildən sonra bu layihənin davamı kimi yeni layihə və bu çərçivədə palata ilə əməkdaşlıq imkanları, maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşması sahəsində müvafiq dəstəyin göstərilməsinə hazırlıq və bu istiqamətlərdə təklif və şərhlər, gələcək müvafiq danışıqlar müzakirə mövzusu olub.