İyunun 20-də Bakı şəhərində bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üçgünlük təlim başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlim Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün nəzərdə tutulub.
Layihə “Standards and Trade Development Facility”nin maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası hökuməti tərəfindən birgə icra olunur.
Təlimdə əsas məqsəd müfəttişlərin bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə bacarıqlarını artırmaqdır.
Tədbirin açılış mərasimində “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsinin milli məsləhətçisi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Xəyalə Dadaşova ölkəmizdə qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb, bu baxımdan, təlimin fitosanitar müfəttişlərin nəzəri və praktiki biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Azərbaycanda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edib, komitənin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini söyləyib. Cavad Qasımov beynəlxalq ticarətin genişlənməsi səbəbindən dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar risklərin artdığını, risklərin azaldılması işində müfəttişlərin peşə biliklərinin artırılmasının da effektiv təsiri olduğunu deyib.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb. Ofisin rəhbəri bu təlimin fitosanitar müfəttişlər tərəfindən çətin və şərəfli vəzifənin layiqincə yerinə yetirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Təlimi FAO-nun beynəlxalq məsləhətçisi Natalya Şerokolava aparır.
Seminarın ilk günündə iştirakçılara Azərbaycan Respublikasının karantin orqanizmlər siyahısının təhlili, karantin fitosanitar diaqnostika prinsipləri, toxum materialında karantin böcək və yabanı bitki növləri, toxum materialında karantin patogenlərin növləri, əkin və calaq materiallarında karantin patogenlərin növləri, əkin və calaq materiallarında karantin həşərat növləri mövzularında bilgi veriləcək.