Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə verilir.
"Kommersant.az"ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya "E-Təbib" mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS məlumatlar və "E-Təbib" mobil tətbiqindən istifadə ödənişsizdir).
SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ(DYİ)1111111);
Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.
SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan ASAN Xidmətin 9108 Çağrı Mərkəzinə, "E-Təbib" mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə müraciət edilə bilər.
"E-Təbib" mobil tətbiqində icazələrin alınma qaydası isə belədir:
- Tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir.
- Mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP" kodu daxil edilir; giriş etdikdən sonra "lisenziya razılaşma" bölməsinə daxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm" düyməsi sıxılır;
- "Bluetooth" və "GPS" sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə "icazələr" bölməsinə keçid edilir;
- tələb olunan "FİN" kodu və doğum tarixi daxil edilir;
- icazənin növü seçilir (1 və ya 2);
- "Göndər" düyməsi sıxılır;
- "Təsdiq" və ya "İmtina" mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;
- "Təsdiq" mesajı gəldikdən sonra icazə alınmış sayılır.
Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatda və ya "E-Təbib" mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.