Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib.
"Kommersant" "Report"un Mərkəzi Aran bürosuna istinadən xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, iyunun 2-də axşam saatlarında rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Nəticədə sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.
Sel sularının sutənzimləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub. Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu, təqribən, 25 metr, hündürlüyü isə 12.5 metr təşkil edir.
Kənar dayaq svay özülündə yuyulma prosesi getsə də, körpünün konstruksiyası olduğu kimi qalıb, yəni dayaqlarda çökmə prosesi getməyib.
Sürücülər bu müddət ərzində Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə biliblər.