USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ucarda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə dair tədbir keçirilib

22.06.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi iyunun 22-də Ucarda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə həsr olunan müşavirə keçirib.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, rayon rəhbərlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, mütəxəssislərin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə əsas diqqət Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”də verilən tapşırıqların icrası məsələləri olub.

Ucar rayon icra hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev müşavirədə pambıqçılığın inkişafı istiqamətində görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, cari ildə bölgədə 2500 hektar sahədə pambıq becərilir. Əkinlərin 425 hektarı taxıl, 990 hektarı pambıq, 170 hektarı çoxillik yem bitkiləri və digər bitkilər təşkil edir. Hazırda hər yerdə üçüncü kompleks becərmə tədbirləri həyata keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran natiq Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən, bu vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, son iki ildə pambıqçılıq sahəsi üçün 5700 ədəd texnika alınıb, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyası yaradılıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Dövlət Fitosanitart Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər. Çıxışçılar mövzulara aid videoslaydlardan istifadə ediblər.

Tədbir müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Sonda fermer Cavid Əliyevə məxsus pambıq tarlasında mütəxəssislər tərəfindən kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.