Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət, davamlı islahatlar bütün sahələrdə dinamizm meyillərini gücləndirib. Uğurlu strategiya nəticəsində davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Pandemiya dövründə iqtisadi artımda müəyyən geriləmələr baş verdi. Bununla belə ötən il üçün ölkəmizin qeyri-neft sənayesində 11, kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb. Aqrar sektor üzrə bu artım bitkiçilikdə 1, heyvandarlıqda isə 2,9 faiz olub.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, qeyri-neft sektorunda artım tempi davam edib:
"Bu amil iqtisadiyyatda davamlı inkişafın təmin olunması üçün dövlət siyasətinin təsiridir. Aqrar sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyinin başlıca qarantıdır. Ona görə də dövlət bu sahənin inkişafına daim dəstək verir. Aqrar sektorun inkişafı eyni zamanda ölkənin gəlirlərinin artırılmasına müsbət təsir göstərir. Prezidentinin aqrar sahə ilə bağlı Sərəncamları iqtisadiyyatın şaxələndirilməsinə yönəlib".
Onun fikrincə, iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahənin də inkişafına xüsusi diqqət verilir:
"İşğaldan azad edilən Qarabağda iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı istiqamətində də ciddi addımlar atılır. Bu da aqrar sahənin inkişafına öz töhfəsini verəcək".
Naqif Həmzəyev qeyd edib ki, işğaldan azad olunan ərazilər münbit sahələr olduğu üçün bu ərazilərdə iqtisadi fəaliyyət sahələri inkişaf edəcək:
"Aqrar sahənin inkişaf perspektivləri daha yüksəkdir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq, arıçılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası, aqrar sahənin, qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək".