Yanvarın 29-dan 30-na keçən gecə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb.
Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair kadrları yayıblar. Tehran sakinləri son 30 ildə belə hadisənin baş vermədiyini deyirlər.
Daha sonra Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbini "təşkilatlardan birinin sistemində baş vermiş xəta" olduğunu bildirib. Həyacan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır.
Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin "Turkish Airlines" hava yolları şirkətinin İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.
Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportunun rəsmisi Farşid Hüseyni İSNA agentliyinə bildirib ki, "əlverişsiz hava şərtlərinə görə", "Turkish Airlines" şirkətinin təyyarəsinin pilotu aerporta enməməyi qərara alıb. Təyyarə Bakıya uçub və hava şərtləri normallaşan kimi yenidən Tehrana uçacaq.
Lakin təyyarənin kursunu dəyişməsinin əslində Tehranda hava hücumundan müdafiə sisteminin həyacan siqnalının işə düşməsi ilə əlaqəli olduğu ehtimal edilir. İran KİV-ləri həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Tehran aeroportu rayonuna elektrik enerjisi təchizatının dayandığını, uçuşların təxirə salındığını xəbər verirdi.
Həmin dəqiqələrdə aviareysləri monitorinq edən internet saytları Tehran üzərində bütün aviauçuşların dayandığını qeydə alıb. Bu, son 30 ildə ilk dəfə qeydə alınır. Bəzi ehtimallara görə İranın hava hücumundan müdafiə sisteminə kiberhücum həyata keçirilib və sistem işə salınıb. Habelə GPS sisteminin də işinin pozulduğu bildirilir.