Yaponiyanın “Suzuki” avtomobil konserni bazar ertəsi hərbi çevrilişin baş verdiyi Myanmada özünün iki zavodunun işini dayandırıb.
Bu barədə "Kyodo" agentliyi bildirib.
Qeyd edilir ki, müvafiq qərar müəssisələrin işçilərinin təhlükəsizliyi üçün narahatlığa görə qəbul edilib. Zavodların işinin bərpa olunması haqqında qərar ölkədə vəziyyətin sonrakı inkişafına əsaslanaraq qəbul ediləcək.
Qeyd edək ki, fevralın 1-də Myanma hərbçiləri noyabrda keçirilmiş seçkilərdə genişmiqyaslı saxtakarlıqları əsas gətirərək fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu və ölkə rəhbərliyinin dəyişildiyini elan ediblər. Çevriliş zamanı 30 nəfər saxlanılıb. Saxlanılanlar arasında Myanma prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji də var. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.
Ölkədə hakimiyyət Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçib. Bununla yanaşı, vitse-prezident Myint Şve müvəqqəti prezident təyin olunub.