"Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov Azərbaycanda metallurgiya sahəsinə sarsıdıcı zərbə vurub.
"Kommersant.az" xəbər verir ki, bu barədə HİT.Az-a keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli bildirib.
Fevralın 3-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rasim Məmmədovun həbsi barədə məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, Rasim Məmmədov tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.
Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rasim Məmmədov 2008-ci ildən "Baku Steel Company" MMC-yə rəhbərlik edib. Onun gəlişindən sonra Azərbaycanda metallurgiya sahəsi inhisara alınıb. Nazim Bəydəmirlinin sözlərinə görə, Rasim Məmmədov "Baku Steel Company"yə rəhbərlik etdiyi dövrdə 20-yə yaxın müəssisənin faəliyyəti bu və ya digər şəkildə dayandırılıb.
"Bu proses 2009-cu ildən başlayıb. 2011-2012-ci illərdə isə pik nöqtəyə çatıb. Yəni əvvəllər Rasim Məmmədov müsəssisələri dövlət qurumlarındankı adamları vasitəsilə sıradan çıxardırdısa, 2012-ci ildən bu işi yaratdığı qoçu dəstələri vasitəsilə həyata keçirirdi. Rəsmən quldurluq və soyğunçuluqla məşğul idilər. Bizim də onun bu əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlərimiz olub. Lakin hər hansı tədbir görülməyib. Bu proses nəticəsində 20-yə yaxın müəssisə sıradan çıxarıldı. Bu müəssisələr illik 150 min ton məhsul istehsal edirdi. Bundan sonra armaturun qiyməti kəskin şəkildə bahalaşdı", - deyə Nazim Bəydəmirli bildirib.
Keçmiş deputat ehtimal edir ki, Rasim Məmmədov bir qrup məmurla ortaq olub. Bu amil onu toxunulmaz şəxsə çevirib: "Mətbuatda onun qanunsuz əməlləri barədə materiallar dərc edilirdi. Bütün ölkə bilirdi ki, bu adam metal biznesini inhisara almaq üçün bu profilli müəssisələri qanunsuz yollarla bazardan çıxarır. Amma heç bir tədbir görülmürdü. Hesab edirəm ki, bir qrup məmurun da "Baku Steel Company"də payı var. Təsadüfi deyil ki, "Baku Steel Company" MMC olsa da, Rasim Məmmədov onu səhmdar cəmiyyəti kimi idarə edir. MMC-nin Müşahidə Şurası olmur. Amma Rasim Məmmədov Müşahidə Şurasının sədridi. Sanki rəhbərlik etdiyi təsisat səhmdar cəmiyyətidir. O vaxt yayılan məlumatlarda Rasim Məmmədovun vergilər naziri olmuş Fazil Məmmədovla, Ramiz Mehdiyevlə ortaq olması bildirilirdi".
Keçmiş deputatın fikrincə, Rasim Məmmədov işlədiyi dövr ərzində 1 milyard dollardan çox xalis mənfəət əldə edib: "Mən bunu onun öz açıqlamarına istinadən deyirəm. Rasim Məmmədov müsahibələrinin birində bildirib ki, "Baku Steel Company" MMC 2011-ci ildə illik istehsal gücünü 1 milyon tona çatdırıb. Əgər istehsal gücü tam olarsa, bu, o deməkdir ki, ildə 300 milyon dollar gəlir əldə edib. Amma mən istehsal gücünü 50 faiz götürürəm Bu isə illik 150 milyon dollar deməkdir. Beləliklə, o, MMC-nin rəhbəri olduğu müddət də 1 milyarddan çox gəlir əldə edib. Güman ki, bu pul MMC-nin qeyri-rəsmi payçıları arasında bölüşdürülüb", - deyə Nazim Bəydəmirli əlavə edib.