Bu gün səhər saatlarından etibarən Ermənistanda Zəngəzurun (Sünik vilayəti) Nerkin Xndzoreks (Xinzirək) kəndinə “azərbaycanlıların daxil olması” barədə şaiyələr dolaşırdı. Bildirilirdi ki, sərhədlərin GPS koordinatlarının köməyi ilə müəyyənləşdirilməsi prosesi zamanı həmin kəndin ətrafındakı ərazilərin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Lakin erməni rəsmiləri bu xəbərləri təsdiqləmirdi.
Nəhayət axşam saatlarında kənd icmasının rəhbəri Yervand Malunts təsdiq edib ki, Xinzirək kəndi istiqamətindəki mövqelərdən bir neçəsi sərhədlərin müəyyənləşdirilməsi prosesi nəticəsində Azərbaycana keçib. Həmin mövqelərdə dayanmış erməni hərbçiləri geri çəkiliblər, onların yerini azərbaycanlı hərbçilər tutublar. Nəticədə hazırda kəndin evləri ilə Azərbaycan sərhədçilərinin mövqeləri arasında məsafə cəmi bir neçə yüz metr təşkil edir.
Xinzirək kəndi Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir. Bundan əvvəl Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı erməni tərəfi Şurnux kəndinin bir hissəsindən də çəkilməli olub. Çünki sovet dövrü xəritələrində həmin kəndin ərazisinin bir hissəsi Azərbaycanın tərkibinə daxil idi.