Bu ilin may ayında “Azərenerji” ASC 1,657 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsal edib
Bu barədə "Kommersant"a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin mayı ilə müqayisədə 138 mln. kVt/saat və yaxud 9,1% çoxdur.
Qurum rəsmisi əlavə edib ki, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
"Bununla yanaşı, "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin olunması, elektrik enerjisi sisteminin yeni inkişaf və keyfiyyət mərhələsinə qədəm qoyması nəticəsində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı məsələsi cari ilin may ayında da uğurla həyata keçirilib", - deyə o, qeyd edib.