USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərəb Əmirliyi “Karabakh Telecom” ilə razılaşmanı ləğv etdi

25.06.2018 İqtisadiyyat
0 0
“Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində bu ölkənin mobil operatoru olan “Etisalat”-ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib”.

"Kommersant" xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir.

"Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, "Karabakh Telecom" BTİ-nin E.212 saylı təlimatını pozaraq, "283" ölkə üzrə mobil kodunu və "04" mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.

Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində "Karabakh Telecom" şirkətinin də adı hallanır.

Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq", - deyə o əlavə edib.